Meteoritlər həmişə yalnız astronomiya həvəskarlarının deyil, adi insanların da diqqətini çəkib. Bir çoxları maraqlanır ki, əgər kosmik daş parçası onların qarşısına düşsə, bundan nə qədər gəlir əldə etmək olar?
Qaynarinfo xəbər verir ki, bu barədə "rynekzdrowia.pl” portalı yazıb.
Meteoritlər həm kolleksiya, həm də elmi baxımdan böyük dəyərə malikdir. Bəziləri kimyəvi tərkibinə və mənşəyinə görə qızıldan belə daha qiymətli hesab olunur.
Meteorit muzeyinin direktoru və bu sahədə kolleksiyaçı olan Ştefan Dekerin sözlərinə görə, meteoritlərin qiyməti qramına təxminən 1 avrodan 5000 avroya (təxminən 5000 ABŞ dollarına) qədər dəyişə bilər. Müqayisə üçün qeyd edilir ki, hazırda 999 əyarlı qızılın bir qramının qiyməti təxminən 120 avrodur.
Meteoritin dəyəri bir neçə əsas amildən asılıdır. Onun kimyəvi və mineral tərkibi, qorunma vəziyyəti, tapıntının nə qədər yeni olması və həmin meteorit növünün nadirliyi əsas rol oynayır.
Məhz bu xüsusiyyətlərin birləşməsi bəzi kosmik daş parçalarının kolleksiya bazarında rekord qiymətlərlə satılmasına səbəb olur.
Ən çox tələbat olan nümunələr arasında nadir minerallar ehtiva edən meteoritlər, həmçinin Ay və ya Mars mənşəli hesab olunan parçalar yer alır.
Tapılan meteorit həmişə onu tapan şəxsə məxsus olmur. Bir çox ölkədə tətbiq olunan qaydaya əsasən, meteorit onun düşdüyü torpaq sahəsinin sahibinə aid hesab edilir. Bu torpaq həm özəl, həm də ictimai mülkiyyət ola bilər.
Lakin bəzi hallarda istisnalar mövcuddur. Əgər tapıntı xüsusi elmi əhəmiyyət daşıyırsa, dövlət orqanları onu milli sərvət kimi müsadirə edə bilər.
Qeyd edək ki, alimlər daha əvvəl Mars mənşəli meteorit nümunəsini tədqiq edərkən həmin planetdən gətirilmiş materiallarda indiyədək qeydə alınmamış yeni mineral kristalları aşkar etmişdilər.
Aydın
Şərhlər