Xəbər lenti

Buzlar əridi, güc balansı dəyişdi: Ən sülhsevər ölkə 156 il sonra ordu qurur?
Dünya 18:45 05.11.2025

Buzlar əridi, güc balansı dəyişdi: Ən sülhsevər ölkə 156 il sonra ordu qurur?

Uzun illərdir Qlobal Sülh İndeksində birinci yeri tutaraq "dünyanın ən dinc ölkəsi" kimi tanınan İslandiya mühüm bir dönüşümün astanasındadır. 

Qaynarinfo xəbər verir ki, 1869-cu ildən bəri ordusu olmayan ada ölkəsində müdafiə qüvvəsinin yaradılması ilə bağlı çağırışlar səslənir.

1869-cu ildən bəri ordusu mövcud olmayan və NATO-nun qurucu üzvlərindən biri sayılan İslandiyada ordu yaradılması məsələsi gündəmə gəlib. "The Times" qəzetinin məlumatına görə, "Guardians of Iceland" adlı təşəbbüs qrupu hökumətə bu təklifləri təqdim edib: 2 min nəfərlik kiçik və çevik bir müdafiə qüvvəsinin yaradılması, bu qüvvənin fövqəladə hallarda mühüm infrastruktur obyektlərini qoruması və NATO dəstəyi gələnədək ilkin müdafiə xəttini təmin etməsi. Həmçinin, böhran zamanı səfərbər edilə biləcək, ölkə əhalisinin təxminən onda birinə bərabər 40 min nəfərlik ehtiyat qüvvənin formalaşdırılması üçün kütləvi hərbi təlimlərin başlanması təklif olunub.

Bu çağırışların arxasındakı əsas səbəb isə Arktika bölgəsində buzlaqların əriməsi və geosiyasi tarazlıqların dəyişməsidir. Arktik buzlaqlarının əriməsi nəticəsində Rusiya və Çin gəmiləri Şimal Buzlu okeanında daha sıx görünməyə başlayıb, Şimali Atlantikdə Rusiya sualtı fəaliyyətləri artıb.

Hökumət hələlik ordunun yaradılması ideyasına müsbət yanaşmır. Bununla belə, İslandiya Xarici İşlər Nazirliyi parlament üzvlərinə ölkənin ilk rəsmi müdafiə strategiyasının əsasını hazırlamaq tapşırığını verib. Bir neçə həftə əvvəl təqdim olunan komitə hesabatında vurğulanıb ki, İslandiyanın coğrafi təcridi artıq təhlükəsizlik qalxanı deyil və ölkə Avropada baş verə biləcək mümkün bir NATO qarşıdurmasından kənarda qala bilməz. Hesabatda həmçinin Rusiyanın diversiya risklərinə qarşı həssas olan sualtı kabellər, eləcə də Rusiyanın Şimal Donanmasının Atlantikə çıxışı üçün strateji əhəmiyyət daşıyan "Qrenlandiya–İslandiya–İngiltərə keçidi"nin vacibliyi qeyd edilib.

İslandiya Baş naziri Kristrun Frostadottir isə ordu qurulması ilə bağlı müzakirələrə aydınlıq gətirib. O, üç həftə əvvəl Reykyavikdə keçirilən sammitdə çıxış edərək bildirib: "Düşünürəm ki, mən həyatda olduğum müddətdə İslandiya ordusunu görməyəcəyik".

Baş nazir bu sözlərlə hökumətin belə bir planı olmadığını açıq şəkildə ifadə edib. İslandiyanın NATO-ya töhfəsi əsasən müttəfiq ölkələrin hərbi qüvvələrinə baza və logistika dəstəyi vermək, eləcə də ittifaq missiyalarına mülki yardım göstərməklə məhdudlaşır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->