Xəbər lenti

Çağırsa De Byazi, gedərik “davaya”?!
Amal Abuşov
İdman 10:47 17.10.2023

Çağırsa De Byazi, gedərik “davaya”?!

Azərbaycan millisinin italyan baş məşqçisi Canni De Byazi Avstriya ilə oyundan əvvəl azarkeşlərə müraciət etmişdi. Demişdi ki, onun və çalışdırdığı komandanın azarkeş dəstəyinə ehtiyacı var, fanatlar tribunları doldursalar, Avstriyaya qarşı "12-ci oyunçu”yla birlikdə mübarizə aparacaqlar. De Byazinin çağırışına azarkeşlərin necə cavab verməsini dünən axşam hamımız gördük. Məğlubiyyət bir yana, azarkeşlərin milliyə belə laqeydliyi şəxsən məni daha çox narahat etdi. Ümid edirəm ki, bu narahatlığı AFFA-nın başında oturanlar da keçirib.

Bəli, milli komandamız uzun fasilədən sonra Bakının mərkəzinə qayıtmışdı. İllər öncə biz AFFA-ya çağırış edirdik ki, milli təkcə Bakıda yaşayan futbol azarkeşlərinin deyil, onun oyununu bölgələrə də təyin edin. Çünki bölgədə yaşayan futbolsevərlərin də millinin futbolçularını iş başında görmək, ölkənin bir nömrəli komandasına tribunadan dəstək vermək haqqı var. Cəmi bir dəfə millimiz Finlandiyanı Lənkəranda qəbul etdi, vəssalam. Sonra AFFA bizim bu çağrışımıza özünəməxsus cavab verdi. Millini Tofiq Bəhramovun adını daşıyan Respublika stadionundan didərgin saldılar. Amma istiqamət bölgələr yox, AFFA-nın öz nəzarətindəki stadionlar oldu. Millimiz gah Bakı Olimpiya Stadionun boş tribunaları önündə oynadı, gah da Mərdəkandakı "Dalğa Arena”da dəniz havası uddu. 

AFFA-nın sabiq baş katibi Elxan Məmmədov illər öncə  "CBC Sport”un canlı efirində sualları cavablayırdı. Fürsətdən istifadə edib ona millinin Respublika stadionundan nə üçün qaçaq salınması barədə sual ünvanladım.  Cavabı o oldu ki, AFFA öz nəzarətində olan stadionlardan istifadə etməklə xərclərini azaldır. Bir sözlə xeyri başqa təşkilatın (oxu: Gənclər və İdman Nazirliyinin) balansında olan stadiona yox, özlərinə verirlər. Onsuz da millinin oyunu, nəticələri azarkeşləri küsdürürdü, onların ürəyincə olmurdu. Bu cür qaçaqsalma da onları tamam millidən soyutdu, azarkeşlər milli komandanın oyununu tribunadan izləmək, ona dəstək vermək kimi vərdişləri tamam yadırğadılar. Yəqin ki, siz də mənimlə razılaşarsız. Tofiq Bəhramov adına stadion həm gediş-gəlişin rahatlığından, həm də futbol atmosferinə yaxınlıq baxımından azərbaycanlı futbolsevərlərə doğmadır. 

Bu baxımdan fikirləşirdim ki, Avstriya ilə oyunda Respublika stadionun tribunaları dolacaq, millimiz dolu tribunaların qarşısında rəqibinin üzərinə gedəcək. Amma tribunalar boş qaldı. Mənzərə xeyli acınacaqlı idi. Acınacaqlı olduğu qədər də düşündürücü. Azarkeşlər Canni De Byazinin çağırışına səs vermədilər. Deməli, AFFA-nın bu acınacaqlı mənzərə qarşısında ciddi düşünməsi və nəticə çıxarması vacibdir. Kimsə iddia edə bilməz ki, Azərbaycanda futbolu sevmirlər, yaxud da azarkeşlər tribunalara gəlmək üçün özlərinə əziyyət vermək istəmirlər. Elə həmin stadionun tribunaları "Qarabağ”ın avrokubok oyunlarında dolub-daşmırmır? Biletlər satışa çıxarıldığı gün bitmirmi? Avstriya Avropanın ortabablarından sayılır, heyətində Avropanın top-klublarında oynayan futbolçular var. Rəqib üçün nəticəsi vacib olan oyun olduğundan əsas heyət üzvlərinin Bakıda meydana çıxacağı gözlənilən idi. Necə ki, çıxdılar. Bu mənada rəqib komandanın adı da oyunun afişası üçün cəlbedici sayılırdı. 

Nə bu cəlbedici afişa, nə də millimizin Tallindən qələbə ilə dönməsi küskün azarkeşlərin tribunalara qayıtmasına səbəb olmadı. Bu küskünlük o dərəcəyə çatıb ki, oyunun Respublika stadionunda keçirilməsi, milli komandanın uzun fasilədən sonra doğma arenaya qayıtması belə vəziyyəti dəyişdirmədi. Günahkar azarkeşlər deyil. Elə AFFA-nın özüdür. Azarkeşlər AFFA-dan, millinin italyan baş məşqçisi Canni De Byazidən üz döndəriblər. De Byazinin oyunçu seçimindəki qəribə davranışları, Höccət Haqverdi kimi adlara olan dəyişməz sevgisi, azərbaycanlılara yuxarıdan aşağı baxması kimi amillər azarkeşləri millidən küsdürüb. O cümlədən də AFFA-nın uğursuz siyasəti, davamlı olaraq əcnəbi məşqçilərə və "milliləşdirilənlərə” qucaq açması da bu küskünlüyün əsas səbəblərindəndir.

Ümid edirəm ki, dünənki acınacaqlı mənzərə AFFA-nı qəflət yuxusundan ayıldacaq tərs silləyə çevriləcək. Millini bu xalqa sevdirmək lazımdır, cənablar. Xalq bu milli komandanı özünə doğma bilməli, ona sahiblənməlidir. Qalan şeylər də ondan sonra düzələcək, əmin olun!

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->