Xəbər lenti

Çaypulu qadağan olunan ölkələr: Ofisiantın pul təşəkküründən narazı qala biləcəyi yerlər
Dünya 23:19 25.07.2026

Çaypulu qadağan olunan ölkələr: Ofisiantın pul təşəkküründən narazı qala biləcəyi yerlər

Xaricə səyahət edən turistlər tez-tez çaypulu qaydaları ilə bağlı səhvlərə yol verirlər. 

Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, xidmətə görə əlavə ödənişə yanaşma ölkədən ölkəyə ciddi şəkildə fərqlənir.

"Transfeero" şirkətinin turizm eksperti Manuela Savoka izah edib ki, bəzi ölkələrdə çaypulu xidmət haqqının demək olar ki, məcburi hissəsinə çevrilib, digər ölkələrdə isə bu, yersiz davranış kimi qəbul edilə bilər.

Bu sahədə ən diqqətçəkən nümunə ABŞ-dır. Ekspertin sözlərinə görə, xidmət sektorunda çalışan insanlar böyük ölçüdə çaypulundan asılıdırlar və buna görə də restoranlarda hesab məbləğinin 15-20 faizi qədər əlavə ödəniş qoymaq adət halını alıb. Eyni zamanda barmenlərə, taksi sürücülərinə və otel əməkdaşlarına da ayrıca pul təşəkkürü vermək geniş yayılıb.

Oxşar qaydalar Kanadada da mövcuddur. Qərbi Avropa ölkələrində, o cümlədən Fransa, İspaniya, Almaniya və İtaliyada vəziyyət daha fərqlidir. Bir çox restoranlarda xidmət haqqı artıq hesaba daxil edilir, lakin yerli sakinlər çox vaxt məbləği yuvarlaqlaşdırır və ya yaxşı xidmətə görə kiçik əlavə ödəniş buraxırlar.

Mərkəzi və Cənubi Amerikada da çaypulu ənənələri fərqlənir. Məsələn, Argentinada nağd şəkildə təxminən 10 faiz çaypulu buraxmaq adətdir, hətta hesab kartla ödənilsə belə. Braziliyada isə xidmət haqqı çox vaxt avtomatik olaraq hesaba əlavə edilir. Meksikada isə 10-15 faiz çaypulu adi praktika hesab olunur.

Cənub-Şərqi Asiya ölkələrində, xüsusilə Tayland, İndoneziya və Vyetnamda əlavə ödəniş məcburi sayılmır, lakin müsbət qarşılanır. Savokanın sözlərinə görə, yerli sakinlər beynəlxalq çaypulu ənənələrinə getdikcə daha çox alışırlar.

Hindistanda isə restoranlarda xidmət haqqı çox vaxt artıq hesaba daxil edilir, taksidə isə adətən gediş haqqını yuvarlaqlaşdırmaq kifayət edir.

Misirdə bəxşiş ənənəsi yerli mədəniyyətin mühüm hissəsidir. Afrikanın bir çox ölkələrində safari zamanı bələdçilərə çaypulu vermək onların əməyinə təşəkkürün adi forması hesab olunur.

Bununla yanaşı, hesabdan əlavə pul verməyin qəbul olunmadığı ölkələr də var. Sinqapur, Avstraliya, Yeni Zelandiya, Danimarka, İsveç və Finlandiyada yüksək əməkhaqqı səviyyəsinə görə çaypulu gözlənilmir. Bununla belə, belə bir jest müsbət qarşılana bilər.

Turistlərə ən çox Çin, Yaponiya və Cənubi Koreyada diqqətli olmaq tövsiyə olunur. "Daily Mail" qeyd edir ki, Çində çaypulu vermək bəzi hallarda kobud davranış hesab edilə bilər və ayrı-ayrı müəssisələrdə hətta qadağan olunur.

Yaponiyada isə yaxşı xidmətə görə pul vermək əvəzinə kiçik suvenir hədiyyə etmək daha uyğun sayılır, xüsusilə otellərdə.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->