Dünya 16:24 30.05.2023

Cənubi Afrika Respublikası özünü Rusiyaya qurban verir...

Əgər Rusiya Federasiyasına silah tədarükünə görə Cənubi Afrika Respublikasına qarşı sanksiyalar tətbiq edilsə, o zaman ölkənin maliyyə sabitliyi pozulacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters agentliyi Cənubi Afrika Ehtiyat Bankının bəyanatına istinadən məlumat yayıb.

Cənubi Afrikanın Mərkəzi bankı amerikalı diplomatın Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah verməkdə ittiham etməsindən sonra kapital axını və sanksiyaların tətbiqi ilə bağlı ölkənin maliyyə sabitliyi üçün risklər barədə xəbərdarlıq edib.

Qeyd olunur ki, bu risklər elektrik enerjisinin dəfələrlə kəsilməsi və yüksək inflyasiyanın davam etməsi səbəbindən enerji sistemində pozulma təhlükəsi ilə yanaşı, ölkənin maliyyə sistemi üçün sistemli təhlükələri artırıb.

Bu ayın əvvəlində ABŞ-la diplomatik qarşıdurma yaşanıb. Belə ki, amerikalı diplomatlardan biri CAR-ı Rusiyaya silah tədarük etməkdə ittiham edib, bu da sanksiyalar qorxusuna və randın (CAR-ın milli valyutası – red.) kəskin ucuzlaşmasına səbəb olub.

"Cənubi Afrikaya qarşı sanksiyalar istənilən ticarət və ya investisiya axınının maliyyələşdirilməsini, eləcə də müxbir banklardan dollarla istənilən ödənişin edilməsini və ya alınmasını qeyri-mümkün edəcək”, - deyə ölkənin Mərkəzi Bankı əlavə edib.

Xatırladaq ki, mayın 11-də ABŞ-ın Cənubi Afrikadakı səfiri Ruben Briqetti bildirib ki, onun ölkəsi Cənubi Afrikadan Rusiyaya döyüş sursatının ötürülməsinə əmindir.

Buna cavab olaraq Cənubi Afrika hakimiyyəti amerikalı diplomatı ölkələr arasında münasibətləri pozmaqda ittiham edib.

Bu yaxınlarda isə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa ölkədən Rusiyaya silah tədarükü barədə məlumatı yoxlamağa başlayacaq komissiya yaratmaq qərarına gəlib.
 
Nizami Bağırov