"Chanel" "Les Extraits" ətir xəttinə "1957" ətrini əlavə edib. Yeni ətir Çində və dünyanın seçilmiş mağazalarında satışa çıxarılıb. Bu versiya ilkin ətirin daha zəngin, teksturalı və nisbətən tünd notlarla tamamlanmış formasıdır.
"Chanel"in parfümeri Olivye Polj (Olivier Polge) tərəfindən 2019-cu ildə yaradılmış "1957" ətri moda evinin qurucusu Qabriyel Şanelin (Gabrielle Chanel) ABŞ bazarına qayıdışını xatırlatmaq məqsədi daşıyırdı.
Qaynarinfo-nun WWD-yə istinadla verdiyi xəbərə görə, ətir Çin istehlakçıları arasında uğur gətirən talisman kimi gözlənilməz şöhrət qazanıb və zənginlik rəmzi hesab olunub. Bu da məhsulun satışlarının artmasına səbəb olub.
"1957" ətrinin "Les Extraits" kolleksiyasına daxil edilməsi kommersiya marağına cavab kimi qiymətləndirilsə də, yeni versiyada yaradıcı yanaşma da ön plana çıxır. Almaz formalı flakonda təqdim olunan ətirin sirli xüsusiyyətlərini qabardan Polj ilkin kompozisiyanın daha teksturalı və nisbətən tünd variantını yaradıb.
Poljun sözlərinə görə, orijinal "1957" təmiz pambıq köynəyə bənzəyirsə, "Extrait" versiyası zərif və yüngül şifonu xatırladır.
""1957"nin daimi istifadəçisi "Extrait" versiyasını sınadıqda fərqi dərhal hiss edə bilər. Bu ətirdə daha çox tekstura var. Mənə elə gəlir ki, portağal çiçəyi, süsən və yüngül dəri notları kompozisiyaya bir qədər ədviyyəli çalar qatır. Bu isə ətri daha tünd və canlı göstərir", — deyə Polj bildirib.
"Müştərilər parçaların qalınlığı və dəyəri ilə bağlı bənzətmələr apara, hansı parçanın hansı vəziyyətə daha uyğun olduğunu müəyyənləşdirə bilərlər", — o əlavə edib.
Şanxayda keçirilən "Grand Parfumeur" tədbirində Polj "Rojo Art & Culture Space" məkanını ətir sarayına çevirərək "Chanel" ətirlərinin tarixini "Chanel No. 5" ətrinin hekayəsi əsasında təqdim edib.
Tədbirdə interaktiv rəqəmsal kitab, brendin səfiri Çjou Sünün (Zhou Xun) səsləndirdiyi sənədli film və beş əsas qiymətli inqrediyenti duyğular vasitəsilə kəşf etməyə imkan verən təqdimat nümayiş olunub.
"Les Extraits" xətti qiymətli zinət əşyaları kimi yalnız əvvəlcədən təyin edilmiş görüş əsasında və məhdud sayda mağazada satılır. Kolleksiya Çin üzrə 50, dünya üzrə isə 200 mağazada təqdim olunur.
Bununla yanaşı, Çin istehlakçılarının "kiçik lüks" kateqoriyasındakı məhsullara marağı nəzərə alınaraq, "Chanel" alıcılara 11 "Extrait" ətri arasından üç ətir seçmək imkanı verən sprey dəsti də buraxıb.
Çin internet folklorunda "1957" ətrinin "Sycomore" və "No. 5" ətirləri ilə birlikdə istifadəsi nüfuzlu himayədar tapmağın, karyera uğurunun və maliyyə rifahının rəmzi hesab olunur.
Sprey dəsti də almaz formalı hədiyyə qutusunda təqdim edilir və məhdud sayda seçilmiş mağazada satışa çıxarılıb.
Polj gələn il təqdim olunacaq "Extrait-in-Oil" versiyasının ətri daha intim və dərin şəkildə hiss etməyə imkan verəcəyini bildirib.
"Biz tez-tez xammalın zənginliyindən və ətrin dəri ilə necə uyğunlaşmasından danışırıq. Mən duyğusal yanaşmanı sevirəm", — deyə Polj bildirib.
Cavid
Şərhlər