Xəbər lenti

Çinlə rəqabətə görə ABŞ Hindistanı tənqid etməyi dayandırıb -
Dünya 23:34 03.05.2023

Çinlə rəqabətə görə ABŞ Hindistanı tənqid etməyi dayandırıb - "Bloomberg"

Vaşinqtonun Çinlə rəqabətdə Yeni Dehlini öz tərəfinə çəkməyi planlaşdırdığı üçün ABŞ prezidenti Co Baydenin administrasiyası Hindistana qarşı ictimai tənqiddən əl çəkib. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən "Bloomberg" məlumat yayıb.

Agentliyin həmsöhbətləri Hindistanın baş naziri Narendra Modinin dini azlıqlara, mediaya və müxalifət nümayəndələrinə təzyiqinin Vaşinqtonda dəfələrlə "təşvişə səbəb olduğunu” iddia edirlər. Bununla belə, ABŞ-ın Çin və Hindistan arasında yaxınlaşma ilə bağlı narahatlığı səbəbindən Co Bayden administrasiyasının üzvləri Narendra Modini tənqid etməkdən çəkinmək qərarına gəliblər. 

"Bloomberg"in qeyd etdiyi kimi, bu qərar Baydenin insan haqları məsələsində mövqeyinin Çin və Rusiyanın ABŞ-la rəqabət apardığı "dünya reallıqları ilə üz-üzə qaldığını" göstərir.

Moskva ilə Yeni Dehli arasında müdafiə sahəsindəki sıx əlaqələr, habelə Rusiya neftinin Hindistana irimiqyaslı tədarükü dəfələrlə ABŞ tərəfinin diqqətini cəlb edib. Lakin ABŞ Rusiya neftini aldığı üçün Hindistana sanksiya tətbiq etməkdən imtina edib. ABŞ rəsmiləri deyirlər ki, Çinlə rəqabət ABŞ-ı Hindistana daha da yaxınlaşdırıb.

ABŞ-Hindistan münasibətlərinin möhkəmləndirilməsinə sadiqliyini ifadə etmək üçün Co Bayden bu yay Vaşinqtonda Narendra Modi ilə görüşəcək. Agentlik eyni zamanda yazır ki, Bayden Ukraynadakı münaqişə ilə bağlı daha dəqiq mövqe tutması üçün Hindistanın baş nazirinə təzyiq göstərə bilər.

"Washington Post” ABŞ kəşfiyyatının məlumatlarına istinadən yazır ki, bəzi ölkələr, o cümlədən Hindistan ABŞ və Rusiya arasında münaqişədə heç birinin tərəfini tutmaq istəmir, çünki onlar bu qarşıdurmadan faydalanmağa çalışırlar. Nəşrin yazdığına görə, Hindistan enerji və iqtisadiyyat sahələrində Rusiya ilə əməkdaşlığa görə ABŞ tərəfinin mövqeyini tutmaqdan qorxur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->