Türkiyə və Azərbaycan arasında əməkdaşlıq COP29-dan COP31-ə qədər qurulan körpü sayəsində daha da möhkəmlənəcək.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu COP31-in baş direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank IV Bakı İqlim Həftəsi çərçivəsində keçirilən "Enerji keçidi, iqlim maliyyələşməsi və sənaye karbonsuzlaşdırılması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, cari işlər çərçivəsində iştirakçılar yeni yanaşmaları sınaqdan keçirir, tərəfdaşlıq əlaqələri qurur və investisiya baxımından cəlbedici həlləri müəyyənləşdirirlər. Bu həllərin Antalyada reallaşdırılması mümkündür.
"Bu həftə ərzində formalaşdırılan nəticələr və rəylər birbaşa olaraq COP31-in Fəaliyyət Gündəliyinə inteqrasiya olunacaq", - o bildirib.
Varank vurğulayıb ki, COP31-in əsas vəzifələrindən biri konkret iqlim hədəflərini real nəticələrə, layihələrə və investisiyalara çevirməkdir.
O, həmçinin bildirib ki, COP31 çərçivəsində tematik istiqamətlər Antalyada nazirlər səviyyəsində, eləcə də biznes və müvafiq təşkilatların nümayəndələri ilə dialoqlar zamanı müzakirə olunacaq.
Bundan başqa, COP31 günlərindən biri Türkiyə mədəniyyətində kollektiv əmək və qarşılıqlı dəstək ənənəsini təcəssüm etdirən "İmece" konsepsiyasına həsr olunacaq. "Məhz bu qarşılıqlı yardım və birgə səylər ənənəsinə əsaslanaraq Antalyaya kooperasiya və kollektiv fəaliyyət ruhunu gətirmək niyyətindəyik", - o qeyd edib.
Varank tədbir iştirakçılarını noyabr ayında Antalyada keçiriləcək COP31-də iştirak etməyə dəvət edərək, həmin dövrdə şəhərin iqlim diplomatiyasının mərkəzinə çevriləcəyini vurğulayıb.
Şərhlər