Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Sudanda 11 mindən çox aktiv itkin şəxs işi olduğunu açıqlayıb. Təşkilat itkin düşən insanların taleyinin müəyyənləşdirilməsi üçün ölkədəki vətəndaş müharibəsinin tərəfləri ilə məxfi danışıqlar apardığını bildirib.
Qaynarinfo xəbər verir ki, BQXK-nın sözçüsü Fərid əl-Humeyd “Sudan Tribune”ə açıqlamasında 2026-cı ilin əvvəlinə olan məlumata görə, 11 mindən çox aktiv itkin şəxs işinin qeydə alındığını bildirib. Onun sözlərinə görə, bu işlərin 9 mindən çoxu 2023-cü ilin aprelində başlayan döyüşlərdən sonra sənədləşdirilib.
Humeyd BQXK-nın Sudan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib. O qeyd edib ki, 2026-cı ilin ilk altı ayında 613 itkin şəxsin taleyi və ya olduğu yer müəyyənləşdirilib.
Bundan əlavə, həmin dövrdə bir-birindən ayrı düşmüş 38 500-dən çox insanın yaxınları ilə yenidən əlaqə saxlamasına kömək edilib.
Humeyd bildirib ki, cəsədlərin sonradan şəxsiyyətin müəyyənləşdirilməsinə imkan verəcək şəkildə dəfn olunması üçün fövqəladə hallar qruplarına təlimlər keçirilib. Onun sözlərinə görə, BQXK 6 400-dən çox cəsəd torbası da paylayıb.
Humeyd paytaxt Xartumda 20 mindən çox cəsədin rəsmi qeydiyyat və ya sənədləşdirmə aparılmadan dəfn edildiyinə dair məlumatların olduğunu bildirib. O, bunun ailələrin yaxınlarının taleyi barədə məlumat əldə etməsini çətinləşdirdiyini vurğulayıb.
Humeyd beynəlxalq humanitar hüquqa əməl olunması məqsədilə Sudandakı münaqişənin bütün tərəfləri ilə məxfi və ikitərəfli danışıqlar apardıqlarını bildirib.
BQXK-nın 2026-cı ilin ilk yarısında yüzlərlə zabit və silahlı qüvvə üzvünə beynəlxalq humanitar hüquq üzrə təlim keçirdiyini deyən Humeyd mülki əhalinin döyüşlərdən zərər görməkdə davam etməsinin narahatlıq doğurduğunu qeyd edib.
Sudanda 2023-cü ilin aprelindən etibarən ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında davam edən müharibədə Birləşmiş Millətlər Təşkilatının və beynəlxalq qurumların hesablamalarına görə, on minlərlə insan həlak olub, təxminən 13 milyon nəfər isə yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.
Aydın
Şərhlər