Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Sabah" Futbol Klubuna UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat maliyyə dəstəyi ayırıb. Klub isə bu vəsaiti və əlavə olaraq 5 milyon manat, ümumilikdə 10 milyon manatı uşaq futbolunun inkişafına sərf edəcək.
"Sabah"dan verilən məlumata görə, "Sabah Football Academy Future Talents" proqramının yaradılması nəzərdə tutulur. Klub bildirir ki, məqsəd 10 milyon manatı sadəcə xərcləmək deyil, peşəkar şəkildə idarə edərək qorumaq və artırmaqdır. Fondun yaradılacaq kapitalının gələcəkdə uşaq futbolunun inkişafına uzunmüddətli maliyyə mənbəyi kimi xidmət etməsi planlaşdırılır. Bu il UEFA Çempionlar Liqası oyunlarına bilet satışından əldə ediləcək vəsaitin müəyyən hissəsi də proqrama yönəldiləcək.
Layihə çərçivəsində futbol infrastrukturunun yaxşılaşdırılması, istedadlı uşaqların aşkarlanması və hazırlanması, müasir məşq metodlarının tətbiqi, idman elmi, tibbi təminat və performans analitikasının inkişaf etdirilməsi nəzərdə tutulur. Həmçinin futbolçuların təhsil və fərdi inkişaf proqramlarına dəstək veriləcək.
“Sabah” ölkənin müxtəlif bölgələrində istedadların aşkarlanması sistemini genişləndirməyi və uşaqların ailələrinin maddi imkanlarından asılı olmayaraq bərabər inkişaf imkanları əldə etməsini hədəfləyir.
Klub uzunmüddətli perspektivdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindəki akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirərək akademiyanı regionun aparıcı futbol inkişaf mərkəzlərindən birinə çevirmək niyyətindədir.
“Sabah” həmçinin yerli və beynəlxalq şirkətləri layihəyə “Bünövrə Tərəfdaşı” formatında qoşulmağa dəvət edib.
Bakı Futbol Federasiyasının prezidenti, beynəlxalq dərəcəli hakim Tahir Süleymanov "Sabah"ın bu addımı Qaynarinfo-ya dəyərləndirib. Onun müsahibəsini təqdim edirik:

– “Sabah”ın Prezidentin ayırdığı 5 milyon manat və öz vəsaitindən əlavə 5 milyon manat olmaqla, ümumilikdə 10 milyon manatı uşaq futboluna yönəltməsi barədə nə düşünürsünüz? Bu, Azərbaycan futbolu üçün nə dərəcədə əhəmiyyətli addımdır?
– Son 1-2 ildə uşaq futbolunun problemlərinin araşdırılması və bu istiqamətdə əməli addımların atılması tendensiyası davam edir. Bu, Azərbaycan futbolu adına çox sevindirici haldır. AFFA-nın uşaq futboluna diqqətinin artırılması, federasiya ilə birgə “Sabahın Ulduzları” layihəsinin yenidən yüksək səviyyədə bərpa edilməsi, ölkəmizdə FİFA U-15 Dünya Çempionatının və festivalının keçiriləcəyi, bu məqsədlə Hövsan qəsəbəsində möhtəşəm futbol bazasının inşası yaxın gələcəkdə uşaq-gənclər futbolunda dönüş yaranmasına zəmin yaradır.
“Sabah”ın çempionluğu və Çempionlar Liqasında göstərdiyi nəticə ilə yanaşı, uşaq futboluna göstərdiyi münasibət də təqdirəlayiqdir. Dövlətimiz futbola, klublarımıza hər zaman qayğı göstərib və bu, təkcə nəticə qazanan klublara aid deyil. Heç kim kənarda qalmır. Hər mövsüm Premyer Liqa, I və II liqa komandalarına kifayət qədər vəsait ayrılır. Bu diqqət və qayğıdan futbol adına səmərəli istifadə olunması şərtdir. “Sabah”ın atdığı addım digər klublarımıza nümunədir.
– Bu vəsaitin xərclənmək əvəzinə qorunaraq gəlir gətirən fond şəklində idarə olunması sizcə nə dərəcədə effektiv modeldir?
– 2-3 il öncə “Sabah” klubu barədə təhlilli yazımda “klub böyümək istəyir və doğru yoldadır” fikirlərimi əsaslandırmışdım. Bu gün “Sabah” bunu reallığa çevirib. Biz buna inanırdıq və görürdük.
Klub tərəfindən vəsaitin hansı formada istifadə olunacağı barədə geniş məlumat veriləcək. Önəmli olan uşaq futboluna qayğının və yanaşmanın bu səviyyədə olmasıdır. “Sabah” akademiyası üçün kifayət qədər şərait yaradır və bu sarıdan öndə olan klublarımızdan biridir.
İndiki addım başlanğıc deyil, görülən işlərin daha da sürətlənməsi, genişləndirilməsi, davamlılığın təmin olunması, daha böyük vəsaitin uşaq-gənclər futboluna yatırılması və maliyyədən uzunmüddətli, məqsədyönlü istifadə məqsədi daşıyır. “Sabah” klub olaraq öz strategiyasını doğru qurub və əminəm ki, atılan addım da öz bəhrəsini verəcək.
– 10 milyon manatlıq ilkin kapital uşaq futbolunun inkişafında real olaraq hansı dəyişiklikləri yarada bilər? Bu vəsait ilk növbədə hansı istiqamətlərə yönəldilməlidir?
– Birmənalı olaraq, təkcə “Sabah”ın özünə yox, Azərbaycan futbolunda uşaq-gənclər futbolunun dirçəlməsinə böyük təkan verəcək. Önəmli olan digər imkanlı klublar və dövlətimiz tərəfindən AFFA xətti ilə ayrılan vəsaitin bütün klublarımız tərəfindən düzgün istiqamətdə xərclənməsidir. Bunun üçün çox güclü nəzarət mexanizmi olmalıdır.
Azərbaycan uşaq futbolunda infrastruktur, tədris, məşqçilərin və təlimatçıların hazırlığı və digər vacib məsələlərlə bağlı problemlər var. Bu yöndə strateji və sistemli olaraq işlər görülməlidir. “Sabah” yeni dönəm üçün klublarımıza yol göstərir.
– Ölkə üzrə istedadlı uşaqların aşkarlanması və maddi imkanından asılı olmayaraq onlara bərabər şərait yaradılması baxımından bu layihənin hansı üstünlükləri ola bilər?
– Azərbaycanda istedadlı futbolçular yetərincədir, yetər ki, uşaq futboluna münasibət dəyişsin, şərait yaxşılaşsın və kompleks addımlar atılsın. “Sabah”la yanaşı, “Qəbələ” futbol akademiyası da dirçəlməli, digər klublar uşaq futboluna yanaşmanı yaxşılaşdırmalı, birgə fəaliyyətlə Azərbaycan futbolu dirçəlməlidir.
– “Sabah”ın bu təşəbbüsü Azərbaycan futbolunda digər klublar üçün də nümunə ola bilərmi? Sizcə, uşaq futbolunun davamlı inkişafı üçün başqa hansı addımlar atılmalıdır?
– Uşaq-gənclər futbolunun inkişafı tək bir klubun üzərində olmamalıdır. Bu, bir nümunədir. Qeyd etdiyim kimi, dövlət tərəfindən futbola hər zaman maddi-mənəvi qayğı göstərilib. Yeni AFFA rəhbərliyi də infrastrukturun, uşaq-gənclər futbolunun inkişafında maraqlıdır.
Ümumi konsepsiya ilə görülən işlər öz effektivliyini göstərə bilər. “Sabah” uşaq-gənclər futbolunda ilk addımını atdı. Klublarımızın hər birinin ayrı-ayrılıqda bu prosesə qoşulması mütləqdir!
Aydın
Şərhlər