Qarderobu lazımsız geyimlərdən təmizləmək faydalı olsa da, gələcəkdə yenidən dəbə minə biləcək əşyaları vaxtından əvvəl atmaq sonradan peşmanlıq yarada bilər.
Qaynarinfo xəbər verir ki, "Martha Stewart” nəşri stilist və dizaynerlərə istinadən illər keçsə də aktuallığını itirməyən yeddi geyim və aksessuarı təqdim edib.
Mütəxəssislərin sözlərinə görə, moda dövri xarakter daşıyır və bir neçə il əvvəl dəbdən düşmüş hesab edilən geyimlər zamanla yenidən trendə çevrilə bilər.
Dəri gödəkçə
İstər klassik biker gödəkçəsi, istərsə də uzun dəri pencək olsun, bu geyim uzun illər aktuallığını qoruyur. Stilistlər Elana və Dina Solomon bildirirlər ki, zaman keçdikcə yumşalan dəri daha rahat olur, üzərində yaranan təbii izlər isə ona özünəməxsus görünüş qazandırır. Gödəkçə sərtləşibsə, onu dəri məmulatları üçün nəzərdə tutulmuş xüsusi kimyəvi təmizləməyə vermək olar.
Keyfiyyətli pencək
Moda dəyişsə də, yaxşı tikilmiş klassik pencək hər zaman istifadə oluna bilər. Düymələri dəyişdirmək və ya dərzi vasitəsilə biçimini yeniləmək kifayətdir ki, yenidən müasir görünsün. Stilistlərin fikrincə, keyfiyyətli pencək həm cins şalvar, həm də zərif donlarla uğurla uyğunlaşır.
Keyfiyyətli cins şalvar
Əgər bədən quruluşunuza uyğun rahat cins şalvarınız varsa, ondan imtina etməyə dəyməz. Cins parçadan hazırlanan geyimlər müxtəlif kəsim və rənglərdə dövri olaraq yenidən dəbə qayıdır. Mütəxəssislər xüsusilə yüksək belli və enli balaqlı modellərin mütəmadi olaraq yenidən populyarlaşdığını vurğulayırlar.
Ağ köynək
Klassik ağ köynək demək olar ki, bütün geyimlərlə uyğunlaşır və çoxqatlı kombinlər üçün ideal seçim sayılır. Stilist Tara Vest bildirir ki, bu geyim istənilən obrazın əsasını təşkil edə bilər. Əsas şərt köynəyin formasını və ağ rəngini qorumasıdır.
Klassik trençkot
Trençkot həm işgüzar, həm də gündəlik geyim tərzi üçün uyğun hesab edilir. Tara Vestin sözlərinə görə, bu geyim rahatlığı və zərifliyi özündə birləşdirir. Elana və Dina Solomon əlavə edirlər ki, "Burberry”, "Hermès” və "Chanel” kimi markaların trençkotları uzunömürlülüyü ilə seçilir. Zərurət yaranarsa, dərzi vasitəsilə onların biçimini və ya astarını yeniləmək mümkündür.
Y2K üslubunda aksessuarlar
2000-ci illərin əvvəllərinə xas daşlı kəmərlər, metal çantalar və oxşar aksessuarlar yenidən moda podiumlarında görünməyə başlayıb. Dizayner Kadim Alfonso Fayf bu cür aksessuarları saxlamağı məsləhət görür. Onun sözlərinə görə, belə detalları müasir geyimlərlə uyğunlaşdırmaq daha uğurlu nəticə verir.
Slip don
Bir vaxtlar yalnız 1990-cı illərin dəbi ilə əlaqələndirilən slip don bu gün artıq klassik geyimlərdən biri hesab olunur. Butik sahibi Stefani Kaltres O'Nil bildirir ki, bu model dəfələrlə müxtəlif formalarda modaya qayıdıb. Slip donu qışda boğazlı sviter və çəkmə ilə, yayda isə sadə zinət əşyaları və sandal ilə kombin etmək mümkündür.
Aydın
Şərhlər