Xəbər lenti

Dünyanın ən uzun sualtı mağarası gözləniləndən də böyük imiş
Dünya 20:50 22.11.2025

Dünyanın ən uzun sualtı mağarası gözləniləndən də böyük imiş

Meksikanın Tulum şəhəri yaxınlığında yerləşən və Maya dilində "Üç su yolu” mənasını verən Sistema Ox Bel Ha, dünyanın ən uzun sualtı mağara sistemi rekordunu daha da böyüdüb. 

Qaynarinfo xəbər verir ki, bağara tədqiqatçıları bu ilin əvvəlində xəritələşdirilmiş uzunluğun 524 kilometrə çatdığını və hələ araşdırılacaq çox yol olduğunu bildirirlər.

"LiveScience"da yer alan məlumata görə, dünyanın məlum olan ən uzun sualtı mağara şəbəkəsi tədqiqatçıların düşündüyündən də genişdir. Meksikanın Tulum şəhəri yaxınlığında yerin altında nəhəng bir "su şəbəkəsi” yaradan Sistema Ox Bel Ha yeni kəşflərlə rekordunu yeniləyib.

İlin əvvəlində peşəkar mağara dalğıcları bu labirintin 524 kilometrlik hissəsini xəritələndirib. Bu nəhəng sualtı sistem, ümumi məlum uzunluğa əsasən, ən azı 686 kilometrlik quru Mammoth mağaralarından sonra dünyanın ikinci ən uzun mağara sistemi sayılır. Lakin Mammoth mağaralarından fərqli olaraq, Ox Bel Ha-nın bütövlüklə su ilə dolu olması kəşfiyyatı və xəritələşdirməni son dərəcə çətinləşdirir.

Bu geniş mağara sistemi Qərb tədqiqatçıları tərəfindən nisbətən yaxın dövrdə – 1996-cı ildə aşkar olunub. O vaxtdan bəri mağara dalğıcları bu mürəkkəb sualtı labirinti mümkün qədər dərindən araşdırmağa davam edirlər.

Dalğıclar hər dalışda oksigen və üzmə tənzimləmələrini diqqətlə aparmalı, irəlilədikləri hər yerə çıxış yolu və ölçmə üçün bələdçi ipi yerləşdirməlidirlər. Bu xətlər yalnız mağaranın uzunluğunu müəyyənləşdirmir, həm də kəşf edilmiş nəhəng boşluqların, çökəkliklərin və "buz sarayları” adlandırılan sahələrin yerini göstərir. Bəzi otaqlarda qədim Maya sivilizasiyasına aid tapıntılar da aşkar olunub.

Bir neçə il əvvəl Ox Bel Ha-nı yenidən araşdıran komanda mövcud xətləri yoxlayarkən mühüm bir kəşfə imza atıb. Onlar təxminən 10 kilometrlik yeni keçidlər taparaq daha əvvəl araşdırılmamış bir sahəyə yol açıblar. Dalğıclar bu yeni bölgəyə daxil olan ilk insanlar olduqlarını qeyd ediblər.

"Centro Investigador del Sistema Acuífero de Quintana Roo" (CINDAQ) təşkilatının hesabatına görə, bu tip araşdırmalar sayəsində mağaranın ümumi kəşf edilmiş uzunluğu qısa müddətdə 496,8 kilometrdən 524 kilometrə yüksəlib.

Ox Bel Ha 2018-ci ildə Meksikadakı digər iki mağara sisteminin birləşdirilməsi nəticəsində qısa müddətə rekorddan geri düşsə də, hazırda yenidən dünyanın ən uzun sualtı mağara sistemi adını qəti şəkildə əlində saxlayır. Mütəxəssislər araşdırmalar bu sürətlə davam edərsə, gələcəkdə Ox Bel Ha-nın su ilə dolu olub-olmamasından asılı olmayaraq dünyanın ən uzun kəşf edilmiş mağara sistemi ola biləcəyini bildirirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->