Xəbər lenti

FİFA prezidentindən BOK-a şikayət etdilər
İdman 18:15 14.07.2026

FİFA prezidentindən BOK-a şikayət etdilər

Qeyri-kommersiya təşkilatı "FairSquare" Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantinonun fəaliyyəti ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət təqdim edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "City AM" məlumat yayıb.

Yayımlanan məlumata görə, şikayət ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının ləğv edilməsi ilə bağlıdır. Təşkilat hesab edir ki, İnfantino 2020-ci ildə BOK-un Lozannadakı ofisində verdiyi andı pozub. Həmin vaxt o, kommersiya və siyasi maraqlardan asılı olmayaraq fəaliyyət göstərəcəyinə söz verib.

ABŞ milli komandasının futbolçusu Folarin Baloqun Bosniya və Herseqovina ilə keçirilən oyunda meydandan qovulub. FİFA qaydalarına əsasən, o, dünya çempionatının 1/8 final mərhələsində Belçikaya qarşı keçiriləcək qarşılaşmada iştirak edə bilməzdi.

Lakin FİFA hücumçunun cəzasını dayandırıb. Bundan qısa müddət sonra mediada ABŞ prezidenti Donald Trampın şəxsən İnfantinoya zəng edərək Baloqunun diskvalifikasiyasının ləğv edilməsində israr etdiyi barədə məlumat yayılıb. Daha sonra ABŞ lideri həmin zəngi təsdiqləyib.

Dünya çempionatı iyunun 11-də başlayıb və iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirin hazırkı qalibi Argentinadır. Argentina əvvəlki finalda Fransa yığmasını məğlub edib.

Bu gün yarışda yarımfinal mərhələsi başlayır. Bu mərhələdə Fransa İspaniya ilə, Argentina İngiltərə ilə qarşılaşacaq. Yarımfinal oyunları iyulun 14-də (Fransa – İspaniya, Bakı vaxtı ilə 23:00) və iyulun 15-də (Argentina – İngiltərə, Bakı vaxtı ilə 23:00) keçiriləcək.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->