İdman 19:10 30.05.2022

"Fiorentina"nın futbolçusu yığma karyerasını bitirdi: "İllərdir alçaldılmışam..."

İtaliyada yaşayan qanalı yarımmüdafiəçi Alfred Dunkan 29 yaşında yığma karyerasını başa vurduğunu açıqlayıb.

Qaynarinfo xəbər veri ki, yığmada cəmi 10 oyun keçirən "Fiorentina"nın yarımmüdafiəçisi 2023-cü ildə keçiriləcək Afrika Millətlər Kubokunun seçmə mərhələsi üçün yığmaya dəvət almayıb. O sonuncu dəfə 2012-ci ildə millinin formasını geyinib.

Yarımmüdafiəçi bu barədə sosial mediada səhifəsində yığmanı tərk etmək qərarını açıqlayıb. Dunkan şəxsi səhifəsində yerləşdirdiyi bəyanatda yazıb: "Milli komanda ilə vidalaşmağın vaxtı çatıb. Ürəyim kədərlənir, çünki Qana millisi ilə bir tarix yazmaq istəyirdim, amma bunu sübut etmək üçün mənə heç vaxt şans vermədilər. Heç vaxt nəzərə alınmırsansa, vəziyyəti dəyişdirmək üçün edə biləcəyiniz nəsə olmadıqda, bu psixoloji cəhətdən daha da ağır gəlir. Qapıları hər zaman açıq saxlamağa çalışsam da, illərdir alçaldılmışam, ayrı-seçkiliyə məruz qalmışam. Təəssüf ki, vicdanım təmiz olduğunu bilə-bilə mənə qarşı ədalətsiz davranıldığını düşünərək özümü pis hiss edirəm. Belə davam edə bilmirəm. Bir neçə il əvvələ qədər ən yaxşı və prestijli liqalarda Qanalı oyunçu idim. Amma heç vaxt milliyə qəbul edilməmişəm. Bu yaxınlarda bəzi dəvətləri rədd etdim. Çünki işində fədakarlıq göstərən bir insan kimi hisslərimi nəzərə almadan mənə edilən zəngləri təhqir kimi başa düşürəm".

Səbuhi Həsənov