Xəbər lenti

Hannibalizm epidemiya riskini artırdığı üçün tabuya çevirilib (TƏDİQAT)
Dünya 22:41 02.07.2026

Hannibalizm epidemiya riskini artırdığı üçün tabuya çevirilib (TƏDİQAT)

Polşa və Çexiyadan olan alimlər hesab edirlər ki, hannibalizm (öz nəslindən olanı yemək) insanlarda təbii ikrah hissi yaratdığı üçün deyil, sağlamlıq və sağqalma üçün ciddi təhlükə yaratdığına görə tabu halına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel” nəşri yazıb.

Tədqiqatçıların fikrincə, insan ətinin istehlakı təhlükəli xəstəliklərin yayılmasına səbəb olur və bütöv insan icmalarını məhv edə biləcək genişmiqyaslı epidemiyaların yaranması riskini artırır. Vrotslav Universitetinin alimi Mixal Misyak bildirib ki, araşdırma zamanı insan bədəni həm enerji mənbəyi, həm də bu qidalanma formasının yaratdığı gizli risklər baxımından qiymətləndirilib.

Tədqiqatın nəticələri ABŞ Milli Elmlər Akademiyasının "Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub. Nəticələr göstərir ki, bioloji baxımdan hannibalizmin demək olar ki, heç bir üstünlüyü yoxdur.

Alimin sözlərinə görə, insan bədəni kaloriliyi baxımından adi qida mənbələrindən ciddi şəkildə fərqlənmir. Əsas problem isə yüksək yoluxma riskidir. Çünki xəstəlik törədiciləri fizioloji baxımdan demək olar ki, eyni quruluşa malik orqanizmlər arasında daha asan yayılır.

Araşdırmada qeyd olunur ki, hannibalizmin davamlı şəkildə təkrarlanması epidemiyaların yaranma ehtimalını dəfələrlə artırır. İndiyədək alimlər hannibalizmin aclıq dövründə sağ qalma vasitəsi, yoxsa əsasən simvolik və dini ayin xarakteri daşıyan davranış forması olması ilə bağlı fərqli fikirlər irəli sürürdülər.

Yeni tədqiqatın müəllifləri hər iki yanaşmanı birləşdirərək riyazi model hazırlayıblar. Model göstərib ki, əvvəllər də hannibalizmlə məşğul olmuş insanların ətinin yeyilməsi təhlükəli xəstəliklərin yayılması riskini eksponensial şəkildə artırır.

Alimlərin fikrincə, əsas təhlükə prionlardan qaynaqlanır. Prionlar düzgün formalaşmamış zülallardır və istilik emalından sonra belə məhv olmurlar. Onlar ölümcül neyrodegenerativ xəstəliklərə səbəb ola bilirlər.

Araşdırmada ən məşhur nümunələrdən biri kimi Papua–Yeni Qvineyada yaşayan fore xalqı arasında yayılmış kuru xəstəliyi göstərilir. Bu xalqın nümayəndələri vəfat etmiş qohumlarının cəsədlərini bişirib yeyərək onların ruhunu azad etdiklərinə inanırdılar. Məhz bu adət ölümcül prion infeksiyasının yayılmasına səbəb olmuşdu.

Tədqiqat müəllifləri hesab edirlər ki, hannibalizm yalnız son dərəcə ağır aclıq şəraitində müəyyən fayda verə bilərdi. Lakin bu təcrübə davamlı xarakter aldıqda, risklər mümkün faydanı çox qısa müddətdə üstələyirdi.

Alimlərin fikrincə, məhz bu bioloji təhlükələr hannibalizmin bəşəriyyət tarixində ən ciddi tabulardan birinə çevrilməsinin əsas səbəblərindən biridir.

Mixal Misyak bildirib ki, tabular təkamül baxımından qoruyucu mexanizm rolunu oynayır. Onun sözlərinə görə, əldə olunan nəticələr göstərir ki, bu tabu epidemiya riskinin artmasına verilmiş bioloji cəhətdən əsaslandırılmış cavabdır və hannibalizmdən imtina etməyən icmalar uzunmüddətli perspektivdə sağ qala bilməyiblər.

Aydın

--> -->