Xəbər lenti

Kondisionerlər siyasi maneəyə çevrilib: Avropada rekord istilər məişət problemini üzə çıxardı
Dünya 19:48 02.07.2026

Kondisionerlər siyasi maneəyə çevrilib: Avropada rekord istilər məişət problemini üzə çıxardı

Bu yay Avropada təxminən 150 milyon insan +35°C-dən yüksək hava temperaturu ilə üzləşib. İqlimşünaslar bildirirlər ki, 50 il əvvəl iyun ayında belə istilərin baş verməsi demək olar ki, mümkün deyildi və bunu iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Bununla yanaşı, Avropanın bir çox ölkəsində ABŞ və Asiya ilə müqayisədə yaşayış evlərində kondisionerlərin yayılma səviyyəsi xeyli aşağıdır. 

Qaynarinfo xəbər ki, dünya KİV-ləri bunun səbəblərini və mümkün həll yollarını təhlil edib.

CBS News (ABŞ)

"CBS News” yazır ki, 2007-ci ildə aparılmış araşdırmaya əsasən, kondisionerlər istilərlə əlaqəli ölüm hallarını 75%-ə qədər azalda bilər. Buna baxmayaraq, Avropada ev təsərrüfatlarının cəmi təxminən 20%-də kondisioner var. ABŞ-də isə bu göstərici 90%-ə yaxındır.

Avropa Ətraf Mühit Agentliyinin şəhərlərin iqlimə uyğunlaşdırılması üzrə eksperti İne Vandekastele bildirib ki, uzunmüddətli perspektivdə kondisionerlərin geniş yayılması ətraf mühitə əlavə istilik buraxılması ilə nəticələnə və qlobal istiləşməni daha da sürətləndirə bilər.

Nəşr qeyd edir ki, Avropada enerji qiymətlərinin yüksək olması da kondisionerlərin geniş yayılmasına mane olan əsas amillərdən biridir. Buna görə də bir sıra ölkələr ictimai sərinləmə məntəqələrinin yaradılmasına və digər alternativ tədbirlərə üstünlük verir. İtaliyada isə yaşlı insanların vəziyyətini izləmək məqsədilə xüsusi daşına bilən texnologiyalardan istifadə olunur.

Fransada keçirilmiş sorğu göstərib ki, hər altı nəfərdən biri ətraf mühiti qorumaq naminə istiyə dözməyə hazırdır.

SWR (Almaniya)



Almaniyanın SWR nəşri yazır ki, Asiya və Amerikada kondisionerlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, Almaniyada onlar hələ də yüksək enerji sərf edən və bir çox hallarda lazımsız hesab edilən avadanlıq kimi qiymətləndirilir.

Ekspertlər hesab edirlər ki, gələcəkdə bəzi obyektlərdə kondisionerlərin quraşdırılması zəruri olacaq. Bununla belə, əsas məqsəd binaların iqlim dəyişikliyinə uyğun şəkildə layihələndirilməsi olmalıdır. Onların fikrincə, kondisionerlər yeganə həll yolu kimi qəbul edilməməlidir.



The Guardian (Böyük Britaniya)

"The Guardian” vurğulayır ki, iqlim dəyişikliyinə uyğunlaşma yalnız kondisionerlərin quraşdırılması ilə mümkün deyil. Nəşr şəhərlərdə daha çox ağac əkilməsini, kölgəliklərin yaradılmasını, istilik izolyasiyasının yaxşılaşdırılmasını, müasir ventilyasiya sistemlərinin tətbiqini və digər infrastruktur tədbirlərinin paralel şəkildə həyata keçirilməsini vacib sayır.

Məqalədə qeyd olunur ki, kondisionerlər bu tədbirlərlə birlikdə tətbiq edildikdə mühüm rol oynaya bilər. Əsas məsələ onların harada, necə və hansı digər həllərlə birlikdə istifadə edilməsidir.



The Indian Express (Hindistan)

Nəşrin yazdığına görə, Avropada kondisionerlərlə bağlı məsələ artıq siyasi müzakirə mövzusuna çevrilib.

Fransada Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçı "Milli Birlik” partiyası bütün məktəb və xəstəxanaların kondisionerlərlə təmin olunmasını, həmçinin təxminən 40 milyon ev təsərrüfatının bu sistemləri quraşdırması üçün hökumətin 20 milyard avro həcmində faizsiz kredit ayırmasını təklif edib.

Böyük Britaniyada isə müxalif Mühafizəkarlar Partiyası artan elektrik enerjisi tələbatının qarşılanması üçün, o cümlədən qalıq yanacaq hesabına enerji istehsalının artırılmasını müdafiə edir.

Tənqidçilər isə hesab edirlər ki, kondisionerlərin kütləvi istifadəsi elektrik enerjisinə tələbatı artıracaq və iqlim dəyişikliyini daha da sürətləndirəcək.



Global Times (Çin)

Çinin "Global Times” qəzeti yazır ki, Avropada davam edən güclü istilər nəqliyyat sisteminə, şəhər həyatına və mədəniyyət obyektlərinin fəaliyyətinə ciddi təsir göstərir.

Nəşr həmçinin bildirir ki, Avropa Komissiyasının Brüsseldəki qərargahında rəhbərlik üçün ayrılmış otaqlarda kondisionerlərin işlədiyi, aşağı mərtəbələrdə isə istifadəsinin məhdudlaşdırıldığı barədə mediada yayılan məlumatlar ictimai narazılığa səbəb olub.

Məqalədə qeyd olunur ki, bu hadisə Avropada sosial bərabərlik, iqlim siyasəti və ekstremal istilərə hazırlıqla bağlı daha geniş müzakirələrin simvoluna çevrilib. "Global Times” əlavə edir ki, sosial şəbəkələrdə bəzi istifadəçilər bu vəziyyəti Çinlə müqayisə edərək ölkənin infrastruktur və dövlət idarəçiliyi sahəsindəki təcrübəsini müsbət nümunə kimi qiymətləndirirlər.

Aydın
--> -->