Böyük Britaniya hökuməti müdafiə sektorunun maliyyələşdirilməsi üzrə yeni plan çərçivəsində 15 milyard funt-sterlinq (20,6 milyard dollar) həcmində xərclərin artırılması üçün vəsait mənbələrini hələ müəyyənləşdirməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Daily Telegraph” yazır.
Xəzinədarlıq kansleri Reyçel Rivz bildirib ki, hökumət qurumları ümumilikdə 10,3 milyard funt sterlinq (təxminən 14 milyard dollar) qənaət etməyə razılaşıb. Lakin daha sonra kanselyariya bu qənaətin konkret olaraq hansı mənbələr hesabına təmin ediləcəyini izah etməyib.
Baş nazir Kir Starmerin mətbuat katibi bildirib ki, hazırda yalnız bəzi yol tikintisi layihələrinin ləğvi barədə qərar qəbul olunub, daha ətraflı planlar isə payıza qədər təqdim ediləcək. Onun sözlərinə görə, Nəqliyyat Nazirliyi hələ imzalanmamış yol tikinti müqavilələri hesabına 700 milyon funt sterlinq (936 milyon dollar) qənaət edəcək. Həmçinin baş nazirin nümayəndəsi xəstəxana tikintisi üçün ayrılan vəsaitlərin azaldılmasının da istisna olunmadığını bildirib.
Hər bir hökumət qurumuna büdcəsini 1 faiz azaltmaqla bağlı plan təqdim etmək tapşırılıb. Əvvəllər büdcələri artırılmış Nəqliyyat və Enerji Təhlükəsizliyi nazirlikləri isə daha ciddi ixtisarlara getməli olacaqlar.
Maliyyə Nazirliyi bildirib ki, müdafiə planları daha az prioritetli proqramların ləğvi və ya təxirə salınması, səmərəliliyin artırılması yollarının axtarılması hesabına maliyyələşdiriləcək.
Qurumun açıqlamasında qeyd olunur ki, hökumətin ümumilikdə 1,9 trilyon funt sterlinq dəyərində aktivlərinin — o cümlədən istifadə olunmayan torpaq və binaların — monetizasiya edilməsi ilə dövlət aktivlərindən gəlir əldə olunacaq.
"The Telegraph” yazır ki, dövlət xərclərinin azaldılması əvəzinə hökumət Şimal dənizində neft və qaz quyularının qazılmasına qoyulan qadağanı ləğv etməklə vergi gəlirlərini artıra bilərdi. Lakin nəşrin iddiasına görə, bu addıma Reyçel Rivzdən sonra kansler postuna əsas namizəd hesab edilən Ed Milibandın etiraz edəcəyi gözlənilir.
Aydın
Şərhlər