Xəbər lenti

Hər gün 22 min insanı öldürən təhlükə -  Həkim xəbərdarlıq edir
Sağlamlıq 17:56 12.02.2026

Hər gün 22 min insanı öldürən təhlükə - Həkim xəbərdarlıq edir

Dünyada təxminən 1,8 milyard insanın həyatını təhlükəyə atan siqaret hər gün 22 min insanın ölümünə səbəb olaraq, hətta müharibələrdən daha böyük bir fəlakət yaradır.

Qaynarinfo xəbər verir ki, ağciyər xəstəlikləri üzrə türkiyəli mütəxəssis, professor Muhammed Emin Akkoyunlu bildirib ki, siqaret ağciyər xərçənglərinin təxminən 80%-inin əsas səbəbidir.

Professor Akkoyunlu vurğulayıb ki, siqaret digər risk faktorlarından fərqlənir.
 
"Siqaret insanın təbii həyat dövründə heç bir funksiyası olmayan, yalnız xaricdən alınan və insanlığa ən böyük zərəri vuran maddələrdən biridir,” – deyə o əlavə edib.

Mütəxəssis bildirib ki, küflü qida və ya toksik su yalnız müəyyən şərtlərdə zərərli olsa da, siqaret həmişə zərərlidir və qlobal bir epidemiya kimi qiymətləndirilir.

Dünyada təxminən 1,8 milyard insan siqaret çəkir və hər gün 22 min nəfər siqaretlə bağlı səbəblərdən həyatını itirir. Siqaret yalnız ağciyər xərçənginin deyil, həmçinin bağırsaq, sidik kisəsi, prostat xərçəngi və lenfoma da daxil olmaqla, demək olar ki, bütün xərçəng növlərinin riskini artırır.

Siqaret yalnız xərçənglə məhdudlaşmır. Ürək-damar xəstəlikləri, damar tıxanıqlığı, xüsusilə ayaq damarlarında daralma nəticəsində amputasiya kimi ağır fəsadlar da siqaretin nəticələrinə daxildir.

KOAH (xroniki obstruktiv ağciyər xəstəliyi) üçün əsas risk faktorunun siqaret olduğunu qeyd edən professor Akkoyunlu əlavə edib ki, uşaqlarda astma inkişafında da ciddi rol oynayır. Siqaret adətən yeniyetməlik dövründə, sosial təsir nəticəsində başlayır. Buna görə də gəncləri erkən yaşda siqaretdən uzaq tutmaq, gələcəkdə xəstəlik yükünü azaltmağın ən effektiv yoludur.

Siqareti tərgitməklə bədəndə bərpa prosesi dərhal başlayır. Lakin xərçəng riski siqareti atdıqdan sonra da təxminən 10 il davam edə bilər. Buna görə də, siqareti nə qədər tez tərgitsəniz, bədəndə qalıcı zərərin qarşısını almaq daha mümkündür.

Professor Akkoyunlu vurğulayıb ki, siqaretdən uzaq durmaq həm özümüz, həm də ailəmiz üçün qəbul edə biləcəyimiz ən vacib sağlamlıq tədbiridir.
 
Günay
--> -->