Xəbər lenti

İzdihamdan və istidən uzaq: Sentyabrda Avropada istirahət üçün ən yaxşı məkanlar (FOTO)
Dünya 23:10 23.06.2026

İzdihamdan və istidən uzaq: Sentyabrda Avropada istirahət üçün ən yaxşı məkanlar (FOTO)

Sentyabr ayında məzuniyyətə çıxmağın bir sıra üstünlükləri var. Təcrübəli səyahətçilər yaxşı bilirlər ki, yay tətili üçün ən əlverişli dövrlərdən biri məhz sentyabrdır. Bu vaxt turist axını azalır, havalar isə daha rahat olur.

Qaynarinfo xəbər verir ki, dünyanın ən böyük səyahət nəşrlərindən biri olan "Lonely Planet” 2026-cı ilin payızının əvvəlində Avropada istirahət üçün ən yaxşı altı istiqaməti seçib və həmin məkanlarda görülə biləcək fəaliyyətlər barədə məlumat verib.

Nəşrin müəllifləri qeyd edirlər ki, sentyabr ayında Avropada yay mövsümünün sıxlığı azalır və temperatur tədricən aşağı düşür. Bu isə qitənin təqdim etdiyi müxtəlif turizm imkanlarından daha rahat şəkildə yararlanmağa şərait yaradır.

Avropada sentyabr səyahəti üçün ən yaxşı 6 məkan

Kotsuolds, Böyük Britaniya – kənd istirahəti üçün



Təpəlik mənzərələri, tarixi şəhərcikləri və daş evləri ilə məşhur olan Kotsuolds bölgəsi uzun illərdir şəhər həyatından uzaqlaşmaq istəyənlərin diqqətini çəkir. Sentyabr ayında burada həm turist izdihamı azalır, həm də təbiət payız rənglərinə bürünməyə başlayır.

İstriya, Xorvatiya – velosiped turları üçün



Xorvatiyanın şimal-qərbində yerləşən bu yarımada zəngin kulinariya ənənələri ilə tanınır. Sentyabr ayında üzüm yığımı mövsümü başlayır, trüfellər yetişir. Sahil boyunca velosiped sürmək isə bölgəni kəşf etməyin ən yaxşı yollarından biri hesab olunur.

La Palma, İspaniya – yürüş həvəskarları üçün



Kanar adalarının şimal-qərbində yerləşən La Palma təxminən 1000 kilometrlik piyada marşrutları ilə tanınır. Sentyabr ayında günəşli hava davam etsə də, temperatur daha münasib olur və yerləşmə seçimləri yay aylarına nisbətən daha əlçatan olur.

Bolonya, İtaliya – qastronomiya sevənlər üçün



"La Grassa” ("Kök xanım”) ləqəbi ilə tanınan Bolonya İtaliyanın kulinariya paytaxtlarından biri hesab edilir. Sentyabr ayında açıq havada yemək üçün əlverişli şərait yaranır və payız məhsullarının – göbələk, balqabaq, şabalıd və ov ətlərinin mövsümü başlayır.

Firuzəyi sahil, Türkiyə – qayıq səyahətləri üçün



Bodrum, Marmaris və Fethiyedən başlayan kruiz marşrutları Egey və Aralıq dənizi sahillərində turistlər arasında böyük populyarlıq qazanıb. Sentyabrda hava temperaturu və turist sayı azalır, lakin dəniz suyu hələ də isti qalır. Bu da bölgəni dəniz turları üçün ideal edir.

Transilvaniya, Rumıniya – avtomobil səyahətləri üçün



Dünyanın ən gözəl avtomobil yollarından biri hesab edilən Transfagaraşan şossesi 90 kilometrlik möhtəşəm marşrut təqdim edir. Dağ keçidləri və kəskin döngələri ilə seçilən yol sentyabr ayında ən gözəl dövrünü yaşayır. Payız rəngləri mənzərəni daha da cazibədar edir, hava şəraiti isə rahat səyahət imkanı yaradır.

"Lonely Planet”in qiymətləndirməsinə görə, sentyabr ayı həm izdihamdan uzaq qalmaq, həm də Avropanın müxtəlif bölgələrini daha komfortlu şəraitdə kəşf etmək üçün ən əlverişli dövrlərdən biridir.

Aydın
--> -->