Yaponiyalı alimlər müəyyən ediblər ki, komediya filmlərinə baxmaq insanların başqalarının simasında zəif ifadə olunan müsbət emosiyaları daha yaxşı tanımasına kömək edir.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.
Tədqiqat Tokio Elm Universitetinin professoru Hiroko İçikava və "Exeter" Universitetinin Tibb Məktəbinin müəllimi Asami Oquro-Andonun rəhbərliyi ilə aparılıb. Araşdırmada 53 yetkin şəxs iştirak edib.
İştirakçıların bir qrupuna 20 dəqiqəlik komediya videosu, digər qrupuna isə hava proqnozu ilə bağlı neytral video göstərilib. Bundan sonra onlardan həm maskasız, həm də cərrahi maska taxmış insanların simasında zəif ifadə olunan emosiyaları müəyyən etmələri istənilib.
Nəticələr göstərib ki, komediya izləyən iştirakçılar maskasız insanların üzündə zəif müsbət emosiyaları əhəmiyyətli dərəcədə daha dəqiq tanıyıblar. Bununla belə, mənfi emosiyaların tanınması baxımından qruplar arasında ciddi fərq qeydə alınmayıb ki, bu da əvvəlki tədqiqatların nəticələri ilə üst-üstə düşür.
Alimlər həmçinin müəyyən ediblər ki, insanlar maska taxdıqda komediyanın bu müsbət təsiri tamamilə aradan qalxır. Tədqiqat müəlliflərinin fikrincə, maska emosiyaların ifadəsində mühüm vizual əlamətləri gizlədir və qarşı tərəfin hisslərini düzgün qiymətləndirməyi çətinləşdirir.
Araşdırma zamanı iştirakçıların fərdi xüsusiyyətləri də qiymətləndirilib. Məlum olub ki, başqasının baxış bucağını anlama bacarığı, yəni empatiyanın əsas komponentlərindən biri, emosiyaların daha dəqiq tanınması ilə ən güclü əlaqəyə malikdir. Hətta komediya izlədikdən sonra əhvalın qısamüddətli yaxşılaşması belə insanların zəif müsbət emosional siqnallara qarşı həssaslığını artırır.
Tədqiqat müəllifləri hesab edirlər ki, əldə olunan nəticələr təhsil, səhiyyə, sosial iş və işgüzar ünsiyyət kimi sahələrdə, həmsöhbətin emosional vəziyyətinin düzgün qiymətləndirilməsinin vacib olduğu hallarda faydalı ola bilər.
Aydın
Şərhlər