Tibb sahəsində əldə olunan mühüm nailiyyətlərə baxmayaraq, insanların ömür uzunluğundakı artım gözləniləndən daha yavaş davam edir.
Qaynarinfo-nun məlumatına görə, ABŞ Milli Elmlər Akademiyasının PNAS jurnalında dərc olunan araşdırma göstərir ki, xüsusilə 1970-ci ildən sonra doğulan nəsillərdə ölüm göstəriciləri əvvəlki nəsillərlə müqayisədə daha yüksəkdir. Mütəxəssislər bunun əsas səbəbləri kimi müasir həyat tərzini, ürək-damar xəstəliklərini, gənc yaşlarda rast gəlinən bəzi xərçəng növlərini və xroniki stressi göstərirlər.
Ömür uzunluğundakı artım yavaşlayır
2026-cı ilin mart ayında PNAS jurnalında dərc olunan tədqiqata əsasən, son illərdə gözlənilən ömür uzunluğundakı artım əhəmiyyətli dərəcədə zəifləyib.
Araşdırmada bildirilir ki, ABŞ-də 2010–2019-cu illərdə orta ömür uzunluğu cəmi 0,26 il artıb. Halbuki əvvəlki dövrlərdə hər onillikdə orta hesabla 1,78 illik artım qeydə alınırdı.
Daxili xəstəliklər üzrə mütəxəssis Erkan Sarıyıldız bildirib ki, əvvəllər hər yeni nəslin əvvəlkindən daha uzun ömür sürəcəyinə inanılırdı. Onun sözlərinə görə, hazırda elmi nəticələr bu gözləntinin əvvəlki qədər güclü olmadığını göstərir.
Əsas səbəb həyat tərzidir
Mütəxəssisin fikrincə, problemin əsas səbəbi tibbin imkanları deyil, gündəlik həyat vərdişləridir. Qidalanma, fiziki aktivlik, yuxu rejimi, xroniki stress və sosial həyat insanların sağlamlığına və ömür uzunluğuna ciddi təsir göstərir.
Ömrü qısaldan üç əsas təhlükə
Araşdırmada ömür uzunluğuna mənfi təsir göstərən üç əsas amil vurğulanır.
Birinci təhlükə ürək-damar xəstəlikləridir. Son illərdə piylənmə, 2-ci tip diabet və metabolik xəstəliklərin daha gənc yaşlarda yayılması nəticəsində ürək xəstəliklərindən ölüm hallarının yenidən artdığı bildirilir.
İkinci təhlükə yoğun bağırsaq (kolon) xərçəngidir. Əvvəllər əsasən yaşlı insanlarda rast gəlinən bu xəstəlik artıq 30–40 yaşlı şəxslərdə də daha çox qeydə alınır. Mütəxəssislər bunu qidalanma vərdişləri və piylənmə ilə əlaqələndirirlər.
Üçüncü təhlükə isə alimlərin "ümidsizlik ölümləri” adlandırdığı hallardır. Buraya narkotik və dərman maddələrinin həddindən artıq qəbulu, intiharlar, qətllər və yol-nəqliyyat hadisələri daxildir. Araşdırmada xüsusilə qadınlar arasında intihar hallarının artmasının psixi sağlamlıq və sosial problemlərin əhəmiyyətini göstərdiyi qeyd olunur.
Sağlamlıq uzunmüddətli sərmayə kimidir
Erkan Sarıyıldızın sözlərinə görə, sağlamlıq bir-biri ilə əlaqəli amillərin nəticəsidir. O bildirib ki, qeyri-sağlam qidalanma piylənməyə, piylənmə ürəyin daha çox yüklənməsinə, xroniki stress isə bu problemlərin daha da ağırlaşmasına səbəb olur.
Mütəxəssis həmçinin qeyd edib ki, təhsil və gəlir səviyyəsinin aşağı olması da ömür uzunluğuna mənfi təsir göstərir. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə də ömür uzunluğunun artım tempi uzun illərdir zəifləyir.
Bu tendensiyanı dəyişmək mümkündür
Araşdırmada vurğulanır ki, ömür uzunluğuna təsir edən amillərin böyük hissəsi dəyişdirilə bilər.
Mütəxəssislər həddindən artıq emal olunmuş qidaların istehlakının azaldılmasını, müntəzəm fiziki aktivliyi, keyfiyyətli yuxunu, psixi sağlamlığın qorunmasını və güclü sosial əlaqələrin saxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu vərdişlər təkcə həyat keyfiyyətini deyil, həm də ömür uzunluğunu artırmağa kömək edir.
Erkan Sarıyıldızın sözlərinə görə, uşaqların valideynlərindən daha uzun və daha sağlam ömür sürməsi hələ də mümkündür. Bunun üçün sağlam həyat tərzinin formalaşdırılmasına indidən diqqət yetirilməsi vacibdir.
Aydın
Şərhlər