Xəbər lenti

Dünya 14:18 18.04.2024

Kreml Abxaziyanı növbəti dəfə "işğal" edir (ŞƏRH)

"Gürcüstan hakimiyyətinin birmənalı Rusiyaya meyllənməsi mümkün deyil, bunun baş verməsi onun üçün acınacaqlı nəticələr doğura bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiyanın işğal olunmuş Abxaziya ərazisində hərbi dəniz bazası yaratmaq istəyini şərh edərkən deyib.

Natiq Miri bildirib ki, Rusiyanın bu siaysəti ilk növbədə Qara dənizə tam olaraq öz nəzarətini təmin etmək istəyilə bağlıdır:

"Rusiya hər zaman Qara dənizdə dominantlığını elan etməklə Qərbin maraqlarına zərbə vurmağa çalışır. Ukrayna müharibəsi kontekstində Krım və Sevastopol işğal olunsa da, Kiyevin keçirdiyi uğurlu əməliyyatlar fonunda Rusiya Qara dəniz donanmasının üçdə biri məhv edilib. Nəticədə Moskva özünün buradakı hərbi  gəmilərini qorumaq üçün Ukraynanı vurmaq istədiyi hədəflərdən uzaq məsafələrdə yerləşdirməyə məcbur olub. Moskva Qara dənizə nəzarət imkanlarını  əhəmiyyətli dərəcədə itirir. Bunun nəticəsidir ki, Kiyev dənizin öz nəzarətində olduğu ərazi vasitəsilə kənd təsərrüfatı məhsullarını Avropa bazarlarına çıxara bilir".
 


Natiq Miri deyir ki, mövcud durumla barışmaq istəməyən Kreml də öz donanmasını Abxaziyanın Qara dəniz ərazisində yerləşdirməklə yenidən həmin məkanda dominantlıq etməyi düşünür:

"Bu həm də Rusiyanın müəyyən mənada Gürcüstana da təsir və təzyiq imkanları deməkdir".

Ekspertə görə, belə vəziyyətdən çəkinərək, Tiflisin Moskvaya meyl edəcəyi ehtimalı böyük deyil:

"Tiflisin bu istiqamətdə siyasətində ciddi dönüş olmayacaq. Çünki Gürcüstan hakimiyyəti üçün bunun perspektivi yoxdur. Əksinə, rusiyameylli siyasət açıq şəkildə həyata keçirilərsə, bu İvanişvili iqtidarının sonu demək olacaq. Heç bir gürcü Rusiyanın Gürcüstandakı işğalçılıq siyasətini unutmayıb. İvanişvili hakimiyyəti bunu gürcü cəmiyyətinə həzm etdirə bilməz. Gürcüstan hakimiyyəti daha çox Qərblə Rusiya arasında manevr etməklə öz hakimiyyətini uzatmaqla məşğul olacaq".
 
Qeyd edək ki, "Re:Russian” lahiyəsinin analitik yasızına görə, Rusiya özünün Qara dənizdəki donanması üçün daha təhlükəsiz liman axtarır və Abxaziyanın Oçamçira limanında daimi hərbi-dəniz bazası yaratmağı planlaşdırır. Bildirilir ki, müvafiq saziş artıq ötən ilin payızında Abxaziya "hakimiyyəti” ilə imzalanıb.
 
Abxaziya tərəfinin fikrincə, baza artıq bu il istifadəyə verilə bilər. Kremlin belə addım atmasına səbəb kimi Sevastopol hərbi-dəniz bazasının daimi olaraq Ukrayna tərəfinin zərbələrinə tuş gəlməsi göstərilir. Buradakı gəmiləri Rusiya Novorossiyskiyə çəksə də, həmin məkan da təhlükəsiz deyil. Ona görə də indi diqqəti Gürcüstanın işğal edilmiş ərazisi olan Abxaziyaya yönəldib.
 
Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->