Dünya 13:44 12.05.2022

Mariupol döyüşçüsü İlon Maska müraciət etdi: Deyirlər, sən başqa planetdən gəlmisən...

Mühasirədəki Mariupol şəhərindəki "Azovstal” zavodu zirzəmisində qalan döyüşçülərdən biri İlon Maska müraciət edib. 
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir, bu barədə döyüşçü Sergey Valina Twitter-də yazıb.

"İlon Mask, deyirlər, sən başqa planetdən insanlara mümkün olmayana inanmağı öyrətməyə gəlmisən. Mən həyatda qalmağın, demək olar, mümkünsüz olduğu yerdə yaşayıram, ona görə bizim planetlərimiz bir-birinə yaxındır. Bizə "Azovstal”dan başqa bir ölkəyə çıxmağa kömək elə. Bunu bacaracaq adam sən deyilsənsə, kimdir?” 
Maskın Sergeyin Twitter paylaşımını görüb-görmədiyi məlum deyil.

Qeyd edək ki, bundan əvvəl də "Azovstal” zavodu ərazisində qalan döyüşçülərin həyat yoldaşları Roma Papasına döyüşçülərin azad edilməsi üçün müraciət etmişdi. 

Nurlan Hüseynov