İdman 11:11 22.09.2023

Messi Argentina millisi ilə daha bir turnirdə iştirak etmək istəyir

"İnter Mayami"nin hücumçusu Lionel Messi 2024-cü ildə Amerika Kubokunda Argentina millisi ilə oynamaq istədiyini bildirib.

Qaynarinfo bu barədə "Infobae" portalına istinadən xəbər verir.

"Məqsəd ABŞ-dakı Amerika Kubokunda iştirak etməkdir. Bunu etmək çox xoş olacaq. Artıq ABŞ-da Amerika Kubokunda oynamışıq, əla idi. Finalda uduzsaq da, turnirdən həzz aldıq”, deyə Messi bildirib.

Amerika Kuboku 2024-cü ildə baş tutacaq. Açılış matçı iyunun 20-nə təyin edilib. Final qarşılaşması iyulun 14-də baş tutacaq.

Turnirin hazırkı qalibi finalda Braziliyanı məğlub edən Argentina yığmasıdır. Görüş 1:0 hesabı ilə başa çatıb.

Messi iki il Fransa PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. O, ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt edib. Messi "İnter Mayami"də keçirdiyi 12 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aydın