Xəbər lenti

Messinin səfərinə böyük maraq: Biletlər 13 dəqiqəyə tükəndi
İdman19:00 18.10.2026

Messinin səfərinə böyük maraq: Biletlər 13 dəqiqəyə tükəndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Argentina millisinin və “İnter Mayami”nin ulduzu Lionel Messinin İspaniyanın Oviedo şəhərində iştirak edəcəyi tədbirə maraq rekord həddə çatıb. Tədbir üçün ayrılan 4 700 pulsuz bilet cəmi 13 dəqiqə ərzində tükənib.

Qaynarinfo xəbər verir ki, “Marca” nəşrinin məlumatına görə, biletlərin satışa çıxarıldığı internet səhifəsində eyni vaxtda 16 200 nəfər elektron növbəyə qoşulub.

Messi gələn cümə axşamı Oviedodakı İdman Sarayında uşaqlar və gənclər üçün təşkil olunacaq tədbirdə iştirak edəcək. Bu görüş argentinalı futbolçunun Asturiya Şahzadəsi İdman Mükafatını qəbul etməsindən bir gün əvvəl keçiriləcək.

Mükafat Messiyə uğurlu idman karyerasına, eləcə də ehtiyacı olan uşaqların təhsil və səhiyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılmasına yönəlmiş humanitar fəaliyyətinə görə təqdim olunur.

Tədbirdə biletləri əldə edən 4 700 nəfərlə yanaşı, təhsil ictimaiyyətinin 1 500 nümayəndəsinin də iştirakı gözlənilir. Onlar fondun “Söz səndə” mədəniyyət proqramı çərçivəsində keçirilən “10 nömrənin oyunu” adlı tədbirə qatılacaqlar.

Qeyd edək ki, Asturiya Şahzadəsi Mükafatlarının təqdimetmə mərasimi ilə əlaqədar təşkil olunan digər tədbirlər də böyük maraq doğurub. Amerikalı müğənni Patti Smitin Xixon və Oviedoda verəcəyi iki pulsuz konsertə biletlər bir neçə dəqiqəyə tükənib. Oviedoda amerikalı astronavt Kristina Koxun iştirakı ilə keçiriləcək gecə səma müşahidəsi tədbiri üçün ayrılan yerlər də tam dolub.

Aydın