Xəbər lenti

"Real"da səngiməyən qəzəb: Mourinyoya qarşı narazılıq artır
İdman18:07 18.10.2026

"Real"da səngiməyən qəzəb: Mourinyoya qarşı narazılıq artır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Real Madrid”in baş məşqçisi Joze Mourinyonun komandaya qayıdışı ilə yaranan böyük gözləntilər özünü doğrultmadığı üçün klub rəhbərliyində narazılıq getdikcə artır. Futbolçuların dəstəyini qoruyub saxlayan portuqaliyalı mütəxəssis artıq idarəçilərin daha sərt tələbləri ilə üzləşə bilər.

Qaynarinfo xəbər verir ki, İspaniya mətbuatında yayılan məlumatlara görə, klub rəhbərliyinin bir sıra nüfuzlu nümayəndələri Mourinyonun indiyədək gördüyü işlərdən tam razı deyil. Onlar baş məşqçinin komandanın oyununda daha ciddi dəyişikliklər edəcəyini gözləsələr də, əvvəlki mövsümlə müqayisədə ciddi irəliləyiş görmürlər.

İspaniyalı jurnalist Xorxe Piko bildirib ki, oktyabr ayı Mourinyo üçün uğurlu keçməyib. Onun sözlərinə görə, baş məşqçiyə heyətlə bağlı qərar verməkdə geniş səlahiyyətlər tanınıb, transfer məsələlərində fikirləri nəzərə alınıb və istəklərinə uyğun olaraq komandanın gücləndirilməsinə vəsait ayrılıb. Lakin bu dəstək fonunda yaranan yüksək gözləntilər tədricən şübhələrlə əvəzlənib.

Məlumata əsasən, narazılıqların əsas səbəblərindən biri Mourinyonun bəzi futbolçularla bağlı qərarlarıdır. Diomandenin əsas heyətdən kənarda qalması və Arda Gülərlə bağlı dəyişikliklər klub daxilində birmənalı qarşılanmayıb. Rəhbərliyin bir hissəsi baş məşqçinin daha köklü dəyişikliklər edəcəyini düşünsə də, komandanın oyununda əvvəlki mövsümün izləri qalır.

Bununla belə, Mourinyonun soyunub-geyinmə otağında dəstəyini itirmədiyi bildirilir. Hazırda əsas narazılıq futbolçulardan deyil, klubun idarəetmə səviyyəsindən qaynaqlanır. Baş məşqçinin gələcək taleyinə təsir edə biləcək əsas amillərdən biri isə komandanın qarşıdakı oyunlarda göstərəcəyi nəticələr olacaq.

“Real Madrid” İspaniya La Liqasının doqquzuncu turunda “Sevilya” ilə qarşılaşmağa hazırlaşır. 18 xalla dördüncü pillədə qərarlaşan Madrid təmsilçisi bu oyunda qələbə qazanaraq turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq və “El-Klasiko” öncəsi özünəinamını artırmaq niyyətindədir.

Aydın