Xəbər lenti

Texnologiya 20:55 10.07.2025

"Meta"dan yenilik: Süni intellekt ilk mesajı özü yazacaq

"Meta" süni intellekti sosial platformalara inteqrasiya etmək istiqamətində daha bir addım atıb. Şirkətin test etməyə başladığı yeni xüsusiyyətlə Meta AI, istifadəçilərlə əvvəlki yazışmalara əsaslanaraq ilk mesajı özü göndərə bilir.
 
Qaynarinfo xəbər verir ki, "Meta"nın bu addımı atmaqda məqsədi istifadəçi bağlılığını artırmaq və söhbət təcrübəsini daha təbii hala gətirməkdir.

Məsələn, test mərhələsində istifadə olunan "Filmlərin Sehrbazı” adlı söhbət botu, istifadəçiyə "bu axşam üçün film tövsiyəsi istəyirsiniz?” kimi bir mesaj göndərərək dialoqu başlayır. Bu mesaj, istifadəçidən heç bir komanda gəlmədən avtomatik olaraq göndərilir.

Cavab verilməzsə, təkrar mesaj göndərmir

"Meta"nın bu yeni funksiyası "Instagram", "WhatsApp" və "Messenger" platformalarında aktiv olacaq. Ancaq müəyyən məhdudiyyətlər də mövcuddur. "Meta AI" yalnız son 14 gün ərzində ən azı bir dəfə danışılmış və söhbət tarixçəsində ən az 5 mesaj olan istifadəçilərlə əlaqə yarada bilir. Əgər istifadəçi ilk mesaja cavab verməzsə, bot ikinci mesajı göndərmir.

Sistemin texniki infrastrukturu, məlumat etiketləmə şirkəti Alignerr tərəfindən hazırlanan təlimatlar əsasında qurulur. Alignerr və Meta hazırda fərdiləşdirilə bilən süni intellekt botlarının hazırlanması və gələcəkdə proaktiv ünsiyyət qura bilən AI sistemlərinin yayğınlaşdırılması üzərində çalışır.

Şəxsi məlumatın qorunması müzakirə mövzusudur

Meta, bu layihəni gələcəkdə daha da fərdiləşdirməyi planlaşdırır. Meta AI Studio vasitəsilə istifadəçilər öz ehtiyaclarına uyğun AI botları yarada biləcəklər. Bu botlar da eyni şəkildə, istifadəçiyə özü təşəbbüs göstərərək mesaj göndərə biləcək.

Hazırda "Meta AI" "Facebook", "Instagram" və "Messenger" üzərindən söhbət etmək, stiker yaratmaq və şəkil redaktə etmək kimi bir çox funksiyanı dəstəkləyir. Son olaraq bu ilin əvvəlində "WhatsApp"a da inteqrasiya edilmişdi.

Süni intellekt dəstəyi ilə təqdim olunan bu yeni xüsusiyyət bəzi istifadəçilər üçün narahatedici ola bilər. Sistemin spam əleyhinə müəyyən məhdudiyyətləri olsa da, "özbaşına mesaj yazan bot” fikri məxfilik və şəxsi sərhədlərlə bağlı müzakirələrə səbəb olur. Xüsusilə istifadəçilərin bilmədən keçmiş söhbətlərini "Kəşf et” bölməsində paylaşa bilməsi, gizlilik baxımından suallar doğurur.

Sosial media platformalarında süni intellektlə qurulan münasibətlərin sərhədləri hələ tam müəyyənləşməyib. "Meta"nın bu yeni addımı isə istifadəçi təcrübəsini kökündən dəyişməyə hazırlaşır.
 
Günay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->