Xəbər lenti

Mətbəxi necə həmişə təmiz saxlamaq olar? -  Gündəlik, həftəlik və aylıq təmizlik planı
Dünya 22:25 11.07.2026

Mətbəxi necə həmişə təmiz saxlamaq olar? - Gündəlik, həftəlik və aylıq təmizlik planı

Mətbəxdə gigiyenanı qorumaq üçün yalnız vaxtaşırı ümumi təmizlik etmək kifayət etmir. Mütəxəssislər bildirirlər ki, gündəlik, həftəlik və aylıq işləri düzgün planlaşdırmaq həm bakteriyaların çoxalmasının qarşısını alır, həm də mətbəx avadanlıqlarının daha uzunömürlü olmasına kömək edir.

Qaynarinfo Lovedoco-ya istinadən xəbər verir ki, mətbəx çiy və bişmiş qidaların, qab-qacağın, suyun və istiliyin bir araya gəldiyi məkan olduğundan burada mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaranır. Buna görə də təmizlik yalnız görünən ləkələrin silinməsi ilə məhdudlaşmamalıdır. Qida qalıqları, yağ təbəqəsi və digər çirklər vaxtında təmizlənmədikdə bakteriyaların yayılmasına, xoşagəlməz qoxuların yaranmasına və hətta həşəratların çoxalmasına səbəb ola bilər.

Gündəlik görülməsi vacib olan işlər

Gigiyenanı qorumaq üçün istifadə olunan qab-qacaq dərhal yuyulmalı və ya qabyuyan maşına yerləşdirilməlidir. Mətbəx dəzgahı hər istifadədən sonra silinməli, xüsusilə çiy ət, balıq və yumurta ilə təmasdan sonra dezinfeksiya edilməlidir.

Bundan başqa, çanaq, plitə, yemək masası, soyuducu və sobanın tutacaqları, işıq açarları kimi tez-tez toxunulan səthlər hər gün təmizlənməlidir. Zibil qutusu qida tullantıları yığıldıqca boşaldılmalı, döşəmə isə süpürülərək tökülən mayelər dərhal silinməlidir.

Həftəlik təmizlikdə bunları unutmayın

Mütəxəssislər həftədə ən azı bir dəfə döşəmənin tam yuyulmasını, soyuducu, soba, mikrodalğalı soba və digər məişət texnikasının xarici hissəsinin təmizlənməsini tövsiyə edirlər.

Həmçinin mikrodalğalı sobanın içi, plitənin ətrafındakı divar örtükləri, zibil qabı, soyuducunun rəfləri, mətbəx şkaflarının qapıları və tutacaqları da həftəlik təmizlənməlidir.

Aylıq dərin təmizlik vacibdir

Ayda bir dəfə isə aspiratorun filtrləri yağ qalıqlarından tam təmizlənməli, soyuducu tam boşaldılaraq rəfləri yuyulmalı, sobanın içərisindəki yanmış yağ və qida qalıqları təmizlənməlidir.

Bundan əlavə, qabyuyan maşının filtri yuyulmalı, şkafların və siyirmələrin içi boşaldılaraq köhnəlmiş və istifadə müddəti bitmiş məhsullar çıxarılmalıdır. Kiçik məişət texnikasının arxa və üst hissəsində toplanan tozun da vaxtaşırı təmizlənməsi tövsiyə olunur.

Mütəxəssislərin fikrincə, bu sadə təmizlik planına riayət etmək mətbəxdə gigiyenanı qorumağa, məişət texnikasının ömrünü uzatmağa və bakteriyaların, xoşagəlməz qoxuların, eləcə də həşəratların yaranmasının qarşısını almağa kömək edir.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->