Bu gün sudan və çaydan sonra dünyanın ən populyar içkilərindən biri hesab olunan "Coca-Cola" ilk dəfə 1886-cı ildə tərkibində kokain olan vasitə kimi hazırlanmışdı. İçkinin yaradıcısı ABŞ Vətəndaş Müharibəsinin veteranı Con Pemberton idi. O, morfin asılılığından xilas olmağa çalışarkən bu resepti hazırlamışdı.
Qaynarinfo xəbər verir ki, bu barədə "Space Daily" nəşri yazıb.
Nəşr qeyd edir ki, 1880-ci illərdə ABŞ-ın əczaçılıq bazarı indiki dövrdən tamamilə fərqli qaydalarla fəaliyyət göstərirdi. Həmin vaxt dərmanların tərkibinə nəzarət, klinik sınaqlar və narkotik maddələrin istifadəsinə qoyulan məhdudiyyətlər mövcud deyildi. Kokain, heroin, morfin, spirt və hətta arsenik belə apteklərdə müxtəlif xəstəliklərə qarşı "müalicə vasitəsi" kimi sərbəst satılırdı.
Con Pemberton Vətəndaş Müharibəsi zamanı yaralanmış və ağrıların aradan qaldırılması üçün ona morfin təyin edilmişdi. O, sonrakı iyirmi il ərzində bu asılılıqdan qurtula bilməmişdi. Məqalədə bildirilir ki, 1880-ci illərin əvvəlində o, tibbi ədəbiyyatı fəal şəkildə öyrənir və Avropa həkimlərinin kokainin morfinə "təhlükəsiz" alternativ ola biləcəyi barədə fikirlərinə diqqət yetirirdi.
Əvvəlcə Pemberton Fransanın məşhur "Vin Mariani" tonikindən ilhamlanaraq "French Wine Coca" adlı spirtli içki hazırlayıb. Onun tərkibinə şərab, koka yarpaqları və kola qozu daxil idi. Vaxtilə bu içki hətta Papa XIII Lev və ixtiraçı Tomas Edison tərəfindən də yüksək qiymətləndirilmişdi.
1885-ci ilin payızında isə Atlantanın yerləşdiyi Fulton dairəsində spirtli içkilərin satışı qadağan edildi. Pemberton məhsulunu məhz həmin ərazidə satışa çıxarmağı planlaşdırdığı üçün reseptdən şərabı çıxarmağa məcbur oldu. Onun əvəzinə şəkər və limon turşusu əlavə edildi, hazırlanan şərbət isə aptekdə qazlı su ilə qarışdırıldı.
Beləliklə, təsadüf nəticəsində sonradan məşhurlaşan "Coca-Cola"nın dadı yarandı və bu yeni variant orijinal reseptdən daha çox bəyənildi. İçkinin adını Pembertonun mühasibi Frenk Meyson Robinson təklif edib. Məşhur loqotipi də ilk dəfə o, əl ilə yazmışdı. "Coca-Cola"nın ilk stəkanı 8 may 1886-cı ildə satılıb. İlk il ərzində isə gündə orta hesabla cəmi doqquz stəkan içki satılırdı.
Pembertonun rəhbərliyi dövründə şirkətin reklamlarında "Coca-Cola" açıq şəkildə dərman kimi təqdim edilirdi. Reklamlarda onun morfin asılılığına, baş ağrısına, ürəkbulanmaya, yorğunluğa və hətta impotensiyaya qarşı təsir göstərdiyi iddia olunurdu. Hədəf auditoriyası isə "xanımlar və oturaq iş səbəbindən sinir gərginliyi yaşayan insanlar" kimi göstərilirdi.
Orijinal resept üzrə hazırlanan hər stəkanda təxminən 9 milliqram kokain var idi. Bu, həmin dövrdə tibbi məqsədlə istifadə olunan 50–100 milliqramlıq dozadan az olsa da, yüngül stimullaşdırıcı təsir göstərmək üçün kifayət edirdi. Şirkət 1903-cü ildən etibarən alkaloidi əvvəlcədən çıxarılmış koka yarpaqlarından istifadə etməyə başlayıb. Kokainin son izləri isə 1929-cu ildə reseptdən tamamilə çıxarılıb.
İçkinin yaradıcısı onun gələcək uğurunu görməyə macal tapmadı. 1887–1888-ci illərdə morfin asılılığı daha da ağırlaşdı, maliyyə vəziyyəti isə pisləşdi. O, şirkətdəki payını hissə-hissə Atlantadan olan bir neçə iş adamına satdı, qalan səhmlərini isə təxminən 80 min ABŞ dollarına sahibkar Asa Qriqqs Kendlerə verdi. Con Pemberton 1888-ci ilin avqustunda mədə xərçəngindən vəfat etdi.
Məhz Asa Qriqqs Kendler sonradan reklamdan "dərman" ifadələrini çıxardı və "Coca-Cola"nı sadəcə zövq üçün istehlak olunan məhsula çevirdi. Hazırda şirkət dünyanın demək olar ki, bütün ölkələrində hər gün təxminən 1,6 milyard porsiya "Coca-Cola" satır.
Aydın
Şərhlər