İngiltərə Premyer Liqasında çıxış edən "Vest Hem” klubunun prezidenti, britaniyalı milyarder Devid Salivan irəli sürülən cinsi istismar və müxtəlif sui-istifadə iddialarının yayılmaslndan sonra vəzifəsindən istefa verib.
Qaynarinfo xəbər verir ki, "Vest Hem"in 77 yaşlı prezidenti 16 illik rəhbərlik dövrünü başa vuraraq klubdakı postunu tərk edib. "BBC Panorama" və "The Times” nəşrinin birgə apardığı geniş araşdırma 1980–1990-cı illərə qədər uzanan və sistematik istismar şübhələrini gündəmə gətirib.
İddiaların mediada yayılmasından sonra Salivan istefa verdiyini açıqlayıb. O isə ittihamları rədd edərək onların "tamamilə əsassız” olduğunu bildirib və BBC-yə qarşı hüquqi proses başlatmağa hazırlaşdığını deyib.
İstintaq materiallarında Salivanın modellik üçün müraciət edən gənc qadınlara iş və ya jurnal üz qabığında yer alma vədi verərək sui-istifadə etdiyi iddia olunur. Yeddi keçmiş modelin ifadələrində qapalı otaqlar, təzyiq və razılıq olmadan hərəkətlər kimi ağır iddialar yer alıb.
Şahidlərdən biri gizlilik üçün "Florens” adı ilə çıxış edərək yaşadığı hadisələrin uzunmüddətli psixoloji travma və intihar düşüncələrinə səbəb olduğunu bildirib. "Rebeka” təxəllüslü başqa bir zərərçəkmiş isə Salivanın onun həssas vəziyyətindən istifadə etdiyini və razılıq olmadan münasibət qurulduğunu iddia edib.
Salivanın 2008-ci ildə saxlanıldığı, lakin sübutların yetərsizliyi səbəbindən ona qarşı cinayət işinin açılmadığı da qeyd olunub.
Aydın
Şərhlər