Argentinada varlı bir ailədə dünyaya gəlmişdi, lakin bu qədər rəngarəng və diqqətçəkən bir həyata sahib olacağını bəlkə özü də gözləmirdi. Bu gün isə Niderland kraliçası Maksima dünya səhnəsinin ən parlaq simalarından biri hesab olunur.
Qaynarinfo xəbər verir ki, NATO-nun Niderlandın Haaqa şəhərində keçirilən sammitində kraliça Maksima həyat yoldaşı kral Vilem Aleksandr ilə birlikdə ev sahibliyi edir. Liderlərin əsasən tünd rəngli geyimlər seçdiyi ciddi ab-havalı toplantıda Maksima limon yaşıl rəngli geyimi və səmimi gülüşü ilə bütün diqqətləri üzərinə cəmləyib.
Kraliçanın geyim üslubu, davranışı və pozitiv enerjisi onu fərqləndirən əsas məqamlardandır. Uca boyu, daim gülümsəyən siması və iddialı geyimləri ilə yadda qalan Maksima, son illər çəki itirdikdən sonra daha da fərqli görünür.
Argentinadan kraliçalığa gedən yol
Tam adı Maksima Sorrequyeta Serruti olan Niderland kraliçası 1971-ci ildə Buenos-Ayresdə anadan olub. Onun atası Xorxe Sorrequyeta 1976-1983-cü illərdə Argentinanı sərt yumruqla idarə edən general Xorxe Videla hökumətində kənd təsərrüfatı naziri olub. Bu səbəbdən Maksimanın kral ailəsinə daxil olması zamanı mübahisələr yaranıb və atası onun toyuna qatılmayıb.
İspaniyanın Sevilya şəhərində tanış olduqları zaman şahzadə Vilem Aleksandr kimliyini dərhal açıqlamayıb və özünü sadəcə Aleksandr kimi təqdim edib. Onların münasibəti iki həftə sonra Nyu-Yorkda davam edib və bu dostluq sonradan ailə qurmağa qədər gedib çıxıb.
Maksima və Vilem Aleksandr 2001-ci ildə nişanlanıb, 2002-ci ilin 2 fevralında isə evləniblər. Ancaq Maksimanın atası xunta hökumətində nazir olduğu üçün toya dəvət olunmayıb. Anası da ərinin yanında qalaraq mərasimə qatılmayıb. Toy zamanı ifa olunan ispan dilində "Elveda ata" (Adios Papa) adlı mahnı Maksimanı göz yaşlarına boğub.
Taxt və ailə həyatı
2013-cü ildə kral Vilem Aleksandr taxta çıxanda Maksima da rəsmi olaraq Niderland kraliçası olub. Cütlüyün üç qızı var: Katerina Amaliya (vəliəhd şahzadə), Aleksiya və Ariane.
Kraliçanın həyatında parıltılarla yanaşı kədərli məqamlar da olub. 2018-ci ildə bacısı İnes Sorrequyeta həyatına son qoyub. Maksima bu ağır itkini dərin kədər və uzunmüddətli matəmlə yaşayıb.
İnes Sorrequyeta
Rəngli həyat tərzi və xalqın sevgisi
Maksima həyatındakı çətinliklərə baxmayaraq, hər zaman gülərüz, ümidverici və enerjili obrazı ilə tanınır. O, təkcə Niderland xalqının deyil, bütün dünyanın diqqətini cəlb edən kraliçalardan biridir.
Hazırda dünya səhnəsində "günün Sindirella"sı sayılan digər simalar - Keyt Middleton, Danimarka kraliçası Meri və İspaniya kraliçası Letisiyaya rəqib sayılır.
Aydın
Şərhlər