Texnologiya 13:29 23.12.2022

Naxçıvanla bağlı daha bir yenilik

Naxçıvan MR-da ehtiyat DATA Mərkəzinin yaradılması nəzərdə tutulub.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

"Naxçıvanın dövlət qurumlarına aid informasiya ehtiyatlarının "gov.az” zonasına köçürülməsi üçün işlər aparılır. Ehtiyatlar bizim Data Mərkəzimizə köçürüləcək.

Hələ ki 11 resursun köçürülməsi planlaşdırılır. Bu işlər orada audit bitdikdən sonra həyata keçiriləcək. Gələn il isə qalan resurslar "gov.az” zonasına köçürüləcək. Amma Naxçıvanın avtonom statusunun olması nəzərə alınaraq orada da ehtiyat Data Mərkəzi yaradılacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl NMR-in Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. Bundan sonra muxtar respublikada bir sıra qadağalar aradan götürülüb.

Bundan başqa, dünən dövlət başçısının imzaladığı fərmanla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi yaradılıb.