Bakıda yerləşən "Omid" məişət əşyaları mağazasında vitrinin üzərinə müvəqqəti qoyulmuş mobil telefonu götürən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, hadisə 2025-ci ildə paytaxtın 9-cu mikrorayon ərazisində yerləşən "Omid" mağazasında baş verib. Zərərçəkmiş alış-veriş edərkən mobil telefonunu qısa müddətə vitrinin üzərinə qoyub. Bundan istifadə edən N.H. telefonu götürərək mağazanı tərk edib.
İttihama görə, oğurlanan əşyalar 2 100 manat dəyərində "Samsung S25+" markalı mobil telefon, 50 manat dəyərində telefon qabı və hər biri 25 manat dəyərində olan iki mobil nömrədən ibarət olub. Zərərçəkmişə ümumilikdə 2 200 manat məbləğində ziyan dəyib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluqda deyil, sadə oğurluqda təqsirli bildiyini deyib. O, dostları ilə birlikdə mağazada olarkən vitrinin üzərində sahibsiz hesab etdiyi telefonu götürdüyünü, sonradan polis əməkdaşları tərəfindən axtarıldığını öyrənərək telefonu geri qaytardığını bildirib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu da ifadə edib.
Zərərçəkmiş isə məhkəmədə bildirib ki, məhsullara baxarkən telefonunu vitrinin üzərinə qoyub. Həmin vaxt başqa bir alıcının sualını cavablandırarkən təqsirləndirilən şəxs bundan istifadə edərək telefonu götürüb. Daha sonra mağazanın müşahidə kameralarına baxış zamanı oğurluq faktı aşkar edilib və polisə məlumat verilib.
Məhkəmə istintaq zamanı toplanmış sübutları araşdıraraq belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş oğurluq kimi deyil, sadə oğurluq kimi qiymətləndirilməlidir.
Hökmə əsasən, N.H.-yə qarşı irəli sürülmüş ittiham Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsindən 177.1-ci maddəsinə tövsif edilib. O, oğurluqda təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Seyid
Şərhlər