Xəbər lenti

Peşə məktəbləri gənclərin paytaxta axınını azalda bilər? – Ekspert açıqladı
phrase_var_qaynar. 15:56 23.07.2026

Peşə məktəbləri gənclərin paytaxta axınını azalda bilər? – Ekspert açıqladı

Azərbaycanda iki yeni peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur. Son illər ölkədə peşə təhsilinin inkişafı istiqamətində müxtəlif addımlar atılır, bu sahədə təhsil alanların sayı artırılır və əmək bazarının tələbatına uyğun ixtisaslar üzrə kadr hazırlığı gücləndirilir. Mütəxəssislər hesab edirlər ki, regionlarda peşə məktəblərinin fəaliyyətinin genişləndirilməsi yerli məşğulluğun artmasına, ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına və iqtisadi fəallığın yüksəlməsinə töhfə verə bilər. Eyni zamanda, gənclərin təhsil almaq üçün böyük şəhərlərə üz tutmasının azalmasına da müəyyən təsir göstərə biləcəyi bildirilir.

Bəs yeni peşə məktəblərinin yaradılması regionların sosial-iqtisadi inkişafına hansı töhfəni verə bilər? Bu addım gənclərin yaşadıqları ərazilərdə iş tapmasına və yerli sahibkarlığın inkişafına necə təsir edəcək?
 
Qaynarinfo mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimlinin fikirlərini öyrənib. Eyyub Kərimli bildirib ki, hər hansı bir bölgədə peşə məktəbi və ya universitet kimi təhsil müəssisəsinin yaradılması həmin bölgənin iqtisadi inkişafına müsbət təsir göstərir.

İqtisadçı deyir ki, bu da həm yerli kadrların müxtəlif peşələrə yiyələnməsinə, özünüməşğulluğun təmin olunmasına, kiçik və orta sahibkarlığın inkişafına müsbət töhfə verir:

"Digər tərəfdən, başqa bölgələrdən həmin təhsil müəssisəsində oxumağa gələn insanların da orada iqtisadi aktivliyin canlanmasına təsiri olur. Bu baxımdan, bölgələrdə peşə məktəblərinin yaradılması iqtisadi dinamikanın yüksəlməsinə, sənətkarlığın və peşə yönümlü bizneslərin formalaşmasına müsbət təsir göstərə bilər”.
 


Eyyub Kərimli deyir ki, bəzi hallarda gənclərimiz təhsil almaq üçün daha çox paytaxta və ya böyük şəhərlərə üz tuturlar və sonradan geri qayıtmırlar. Bu isə həm də onların xərclərinin artmasına təsir göstərir:

"Bu baxımdan, yaşadıqları ərazilərdə peşə öyrənmələri gələcəkdə həmin yerlərdə kiçik biznes quraraq öz gəlirlərini və rifahlarını təmin etmələrinə müsbət təsir göstərəcək.

Əlbəttə ki, ixtisasların bölgələrin iqtisadi potensialına və tələbatına uyğun formalaşdırılması bu istiqamətdə daha böyük fayda verə bilər. Bu gün əmək bazarının öz tələbləri mövcuddur. Bu tələblər həm müasir əmək bazarının ehtiyacları, həm də inkişaf edən iqtisadiyyatın tələbləri ilə bağlıdır”.

"Hesab edirəm ki, yerli gənclər bu istiqamətdə bilik və bacarıqlarını artırmaqla iqtisadi aktivliyə öz töhfələrini verə bilərlər. Bu da onların yaşadıqları bölgələrdə qalmasına və böyük şəhərlərə axınlarına böyük təsir edə bilər”, deyə Eyyub Kərimli əlavə edib.
 
Günay İlqarqızı

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->