Konservləşdirilmiş məhsulların əsas üstünlüyü ondan ibarətdir ki, onlar uzun müddət saxlanıla bilir və evdə daim hazır qida ehtiyatı olmasına imkan yaradır. Lakin konservlər əslində nə qədər müddət ərzində təhlükəsiz qalır?
Qaynarinfo xəbər verir ki, "Southern Living” nəşri konservlərin saxlanma müddəti, açılmadan əvvəl və sonra onlarla necə davranmaq lazım olduğu, eləcə də xarab olma əlamətləri barədə məlumat verib.
Əksər bankaların üzərində "İstifadə edin...” tarixi qeyd olunur. Lakin məqalədə bildirildiyi kimi, uzun müddət saxlanılan məhsullar həmin tarixdən sonra da istehlak üçün təhlükəsiz qala bilər. Bununla belə, həmin tarixdən etibarən onların keyfiyyəti tədricən pisləşməyə başlayır.
Bu, xüsusilə pomidor kimi turşuluğu yüksək olan məhsullara aiddir. Zaman keçdikcə turşular metalla reaksiyaya girərək məhsulun dadını və teksturasını dəyişə bilər.
Nəşr qeyd edir ki, konservlər üzərində göstərilən tarixdən sonra da istifadə oluna bilsə də, aşağıdakı hallarda banka mütləq atılmalıdır:
* üzərində əziklər varsa;
* banka şişibsə;
* paslanıbsa;
* hər hansı digər zədələnmə əlaməti varsa.
Konservlərin daha uzun müddət təhlükəsiz və keyfiyyətli qalması üçün bir neçə sadə qaydaya əməl etmək lazımdır:
* onları sərin, quru və birbaşa günəş şüalarından qorunan yerdə saxlamaq;
* temperatur dəyişikliklərindən qorumaq; bankaları sobanın yanında, qarajda və ya temperaturun kəskin dəyişdiyi, yaxud sıfırdan aşağı düşə bildiyi yerlərdə saxlamaq olmaz;
* bankaları yerə qoymamaq, onları rəflərdə yerləşdirmək lazımdır. Bu, nəmlik və zərərvericilərdən yaranan zədələnmə riskini azaldır;
* ehtiyatları mütəmadi yoxlamaq və əvvəl alınmış konservləri ilk növbədə istifadə etmək.
Açılmış konservləri necə saxlamaq lazımdır?
Məqalədə qeyd olunur ki, açılmış konserv məhsullarının əksəriyyəti soyuducuda dörd günədək təzə qala bilər. Pomidor məhsulları və bəzi souslar isə bir həftəyə qədər saxlanıla bilər. Daha uzun müddət qorumaq üçün qalıqları dondurmaq mümkündür.
Məhsulların təhlükəsiz və təzə qalması üçün aşağıdakı tövsiyələrə əməl edilməlidir:
* konservi açıldıqdan ən gec iki saat sonra soyuducuya yerləşdirmək və ya həmin müddət ərzində dondurmaq lazımdır. Bu, qida zəhərlənməsi riskini azaldır;
* məhsulu soyuducuya qoymazdan əvvəl onu hermetik qabın və ya bağlanan paketin içinə keçirmək lazımdır;
* qalıqları başqa qaba köçürərkən yalnız təmiz mətbəx alətlərindən istifadə edilməlidir;
* qabın üzərinə açılma tarixini yazmaq məsləhətdir ki, məhsul üç-dörd gün ərzində istifadə olunsun;
* istifadə etməzdən əvvəl məhsulu yoxlamaq lazımdır. Pis qoxu, kif və ya rəng dəyişməsi varsa, onu atmaq lazımdır.
Yanlış saxlama hansı təhlükələr yaradır?
Konservlərin düzgün saxlanması yalnız onların keyfiyyətini qorumaq üçün deyil, həm də qida zəhərlənmələrinin qarşısını almaq üçün vacibdir.
Nəşr vurğulayır ki, düzgün olmayan saxlama botulizm riskini artıra bilər. Bu, ölümcül nəticələrə səbəb ola bilən qida zəhərlənməsi növüdür. Buna görə bankanı açmazdan əvvəl diqqətlə yoxlamaq lazımdır: əgər sızma varsa, şişibsə və ya ciddi əziklər əmələ gəlibsə, onu istifadə etmək olmaz.
Açıldıqdan sonra da məhsulun pis qoxusu, bulanıq görünüşü və ya bankanı açarkən mayenin təzyiqlə çıxması kimi əlamətlərə diqqət yetirmək lazımdır.
Lakin botulizm yeganə təhlükə deyil. Məqalədə qeyd olunur ki, açılmış konservlər uzun müddət otaq temperaturunda saxlanılarsa, onların içində "Listeria”, "Salmonella” və bağırsaq çöpləri ("E. coli”) kimi təhlükəli bakteriyalar sürətlə çoxala bilər.
Bundan əlavə, qidanın açıq metal bankada uzun müddət saxlanılması metal dadının yaranmasına və bəzi kimyəvi maddələrin, məsələn, bəzi bankaların daxili örtüyündə istifadə olunan bisfenol A-nın (BPA) məhsula keçməsinə səbəb ola bilər. Pomidor və meyvələr kimi turşulu məhsullar metalla təmasa daha həssasdır. Bu səbəbdən onların dadı və keyfiyyəti pisləşə bilər.
Evdə hazırlanmış konservlərin saxlanma xüsusiyyətləri
Evdə hazırlanan konservlər xüsusi diqqət tələb edir. Məqalədə bildirilir ki, onların botulizmlə yoluxma riski daha yüksəkdir, xüsusilə konservləşdirmə zamanı təhlükəsizlik qaydalarına əməl edilməyibsə.
Bu riski azaltmaq üçün belə məhsulları istifadə etməzdən əvvəl 10 dəqiqə qaynatmaq tövsiyə olunur. Dəniz səviyyəsindən yüksək ərazilərdə isə hər əlavə 305 metr yüksəklik üçün qaynatma müddətinə daha bir dəqiqə əlavə edilməlidir.
Aydın
Şərhlər