Xəbər lenti

Qaraciyərə zərər verə bilən 4 əlavə - Həkimlərdən xəbərdarlıq
Sağlamlıq 08:45 24.06.2026

Qaraciyərə zərər verə bilən 4 əlavə - Həkimlərdən xəbərdarlıq

Adi apteklərdə tam təhlükəsiz məhsul kimi satılan dörd qida əlavəsinin əslində ciddi qaraciyər zədələnmələri ilə əlaqəli olduğu müəyyən edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə dietoloqlar və hepatoloqlar "EatingWell” nəşrinə açıqlamalarında xəbərdarlıq ediblər.

ABŞ Milli Diabet və Həzm-Xəstəlikləri İnstitutunun "LiverTox” məlumat bazasına əsasən, bitki mənşəli və qida əlavələri ölkədə qeydə alınan dərman mənşəli qaraciyər zədələnmələrinin artıq 16 faizdən çoxuna səbəb olur və bu göstərici artmaqda davam edir.

Yaşıl çay ekstraktı: bir fincan təhlükəsizdir, kapsul isə yox

Mütəxəssislər bildirirlər ki, içki kimi qəbul edilən yaşıl çayla əlavə formasında olan yaşıl çay ekstraktı tamamilə fərqli məhsullardır. Bir kapsul ekstrakt dəmlənmiş çaydan 3–4 dəfə çox EGCG adlı aktiv maddə ehtiva edə bilər.

Dietoloq Semmi Pitersonun sözlərinə görə, Avropa Qida Təhlükəsizliyi Agentliyi gündə 800 milliqram EGCG qəbulunu qaraciyər fermentlərinin yüksəlməsinin ölçülə bilən problemə çevrildiyi hədd kimi müəyyən edib.

"LiverTox” məlumatlarına görə, yaşıl çay ekstraktı qaraciyər zədələnməsi ilə əlaqələndirilən ən problemli bitki mənşəli əlavələrdən biridir.

Yüksək dozada A vitamini: orqanizmdə toplanır və xaric olunmur

C və B vitaminlərindən fərqli olaraq, A vitamini yağda həll olunan vitamindir. Buna görə də onun artıq hissəsi orqanizmdən asanlıqla xaric edilmir və zamanla toplanır.

Semmi Piterson qeyd edir ki, həddindən artıq qəbul toksiklik, iltihab və hətta fibrozun inkişafına səbəb ola bilər.

Həkim Cey Lutarın sözlərinə görə, bütün mənbələr üzrə birlikdə gündəlik təhlükəsiz yuxarı hədd 3 000 mikroqram RAE (10 000 BV) təşkil edir. Ağır hallarda doza həddinin aşılması geri dönməz qaraciyər sirrozuna gətirib çıxara bilər.

"StatPearls” jurnalında dərc olunan araşdırmada vurğulanır ki, insanların əksəriyyəti yumurta, süd məhsulları və narıncı rəngli tərəvəzlər vasitəsilə kifayət qədər A vitamini alır.

Qara bibərlə birlikdə qəbul edilən zərdəçal: gözlənilməz risk

Zərdəçal iltihabəleyhinə xüsusiyyətlərinə görə geniş istifadə olunur. Lakin onun ekstraktının qara bibərlə birlikdə qəbul edilməsi ən çox sənədləşdirilmiş problemlərdən biri hesab olunur.

Dietoloq Cill MakNatt bildirir ki, qara bibər ekstraktının aktiv maddəsi olan piperin qaraciyərin kurkumini parçalama qabiliyyətini zəiflədir və nəticədə orqanizmdə potensial zəhərli səviyyələr yarana bilər.

"The American Journal of Medicine” jurnalının məlumatına görə, 2017-ci ildən bəri ABŞ-da qaraciyər zədələnmələrinin monitorinqi şəbəkəsi zərdəçalla əlaqəli 10 hadisədən 6-nı qeydə alıb. Bu hallardan biri kəskin qaraciyər çatışmazlığı nəticəsində ölümlə nəticələnib.

Aşvaqanda: hətta transplantasiya ilə nəticələnən hal qeydə alınıb

Aşvaqanda adətən stressin azaldılması və yuxunun yaxşılaşdırılması məqsədilə istifadə olunur. Lakin "LiverTox” bazasında bu əlavənin istifadəsi ilə əlaqələndirilən bir neçə təsdiqlənmiş qaraciyər zədələnməsi hadisəsi yer alıb.

Bu hallardan ən azı biri qaraciyər transplantasiyası ilə nəticələnib.

Cill MakNatt xəbərdarlıq edir ki, aşvaqanda qəbul edən şəxslərdə yorğunluq, ürəkbulanma, sidiyin tündləşməsi və ya dərinin, eləcə də gözlərin saralması kimi əlamətlər yaranarsa, əlavənin qəbulu dərhal dayandırılmalı və həkimə müraciət edilməlidir.

Bunun əvəzinə nə etmək lazımdır?

Mütəxəssislər bir neçə əsas qaydaya əməl etməyi tövsiyə edirlər.

İlk növbədə, əlavələri təsadüfi qəbul etmək əvəzinə qan analizləri vasitəsilə vitamin və mineral səviyyələrini yoxlamaq lazımdır. Həkim Cey Lutarın sözlərinə görə, əlavələr yalnız təsdiqlənmiş çatışmazlıq hallarında ən çox fayda verir.

Bundan başqa, məhsul qablaşdırmasında "NSF International”, "USP” və ya "Informed Sport” kimi keyfiyyət sertifikatlarının olub-olmamasına diqqət yetirmək vacibdir. Bu işarələr məhsulun tərkibinin bəyan edilən məlumatlara uyğun olduğunu və kənar qarışıqlar ehtiva etmədiyini göstərir.

Mütəxəssislər xüsusilə xroniki xəstəlikləri olan şəxslərə hər hansı əlavənin qəbuluna başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

Aydın
--> -->