Dünya 19:45 14.12.2022

Qətər AP məmurlarına rüşvət verməsiylə bağlı iddianı inkar etdi

Qətər hakimiyyəti futbol üzrə Dünya çempionatının təşkilində Avropa Parlamentindəki korrupsiya işində iştirakını inkar edir. Bu işdə Avropa Parlamentinin vitse-prezidenti Yeva Kayli və daha üç məmur həbs edilib. Polis hesab edir ki, onlar, insan haqlarını pozmaqda ittiham olunan Qətərə çempionat öncəsi imicini yaxşılaşdırmağa kömək ediblər.

"Qətər dövləti onu qanunsuz əməllərlə əlaqələndirmək cəhdini qəti şəkildə rədd edir. Qətər hökumətinin bəyan edilən ittihamlarla istənilən əlaqələndirilməsi əsassızdır və ciddi dezinformasiyaya əsaslanır”, - RİA Novosti Qətər rəsmisinin bəyanatına istinadən məlumat yayıb.

Xatırladaq ki, Avropa Parlamentinin vitse-prezidenti Yeva Kayli dekabrın 9-da saxlanılıb, onun Brüsseldəki evində axtarış aparılıb. O, günahını etiraf etmir. Onunla yanaşı, daha üç məmur, aralarında Avropa Parlamentinin insan hüquqları sahəsində müşaviri Françesko Corci də həbs edilib. Dekabrın 13-də məlum olub ki, cinayət işi çərçivəsində aparılan axtarışlar zamanı 1,5 milyon avro dəyərində nağd pul götürülüb.

Nizami Bağırov