Rusiya ordusu müqaviləli hərbi xidmət üçün on minlərlə insan axtarır. Qəbul iş axtarışı üçün saytlar vasitəsilə aparılır. Ən çox insan Ukraynadakı müharibədə böyük itki verən hərbi hissələrə cəlb olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Vajnıye istorii”nin araşdırmasından məlum
olub.
Nəşr əmək birjalarını təhlil edib və məlum olub ki, Ukraynada döyüşən ən azı 7 hərbi hissə ümumilikdə 2166 hərbi qulluqçunun işə qəbulu üçün vakansiya elan edib. Onlardan biri, Ukraynanın məlumatına görə, Buçadakı soyqırımda iştirak edən Xabarovsk diyarından (51460 saylı hərbi hissə) olan 64-cü motoatıcı briqadadır. Briqada 356 nəfər işçi axtarır. Hərbi hissə işə yeni qəbul olanların Ukraynaya göndəriləcəyini təsdiqləyib.
Həmçinin 300 vakansiya 104-cü qvardiya desant-həmlə alayı yerləşdirib. "Vajnıye istorii”yə görə, həmin hərbi hissəsinin hərbçiləri Buçada dinc əhalinin öldürülməsində də iştirak edir. Buryatiyadan olan 37-ci motoatıcı briqadası hərbi personalın işə götürülməsi üçün elanların sayına görə rekorda sahibdir - orada 1270 nəfər tələb olunur. Region Ukraynada hərbçilərin ölüm sayına görə ikinci yerdədir.
Mayın ortalarında Severski Donets çayının keçidində 485 nəfəri itirən Kemerovo vilayətindən olan 74-cü əlahiddə motoatıcı briqada 187 nəfər yeni işçi axtarır.
İyun ayından hərbi hissələr həkimlərin, o cümlədən psixoloqların da işə götürülməsinə başlayıb. Elanlardan birinə görə, "psixoloq hərbçilərə "mühitə uyğunlaşmaqda, şəxsi problemləri həll etməkdə, kollektivdə mənəvi-psixoloji ab-havanı yaxşılaşdırmaqda kömək etməlidir”.
Rostrud-un "Rusiyada işi" vakansiya məlumat bazasının təhlilinə görə, ümumilikdə iyunun ortalarına qədər hərbi hissələr 22,2 mindən çox yeni işçi axtarıb. Vakansiyaların əksəriyyəti Rostov və Ulyanovsk vilayətlərinə, eləcə də Başqırdıstana aiddir.
Eyni zamanda, əmək birjaları yeni hərbi kadrların tapılması üçün yeganə mənbə deyil. Könüllülər Kadırovun bölmələri hesabına, "LDXR"-də məcburi səfərbərlik və Vaqner özəl hərbi şirkət vasitəsilə işə götürülür.
Jurnalistlər onu da öyrəniblər ki, yeni müqaviləli əsgərlər təlim keçmədən müharibəyə aparıla bilər. Hərbi hissələrdən birində nəşrə bildirilib ki, qruplar formalaşan kimi işə yeni götürülənlər dərhal Ukraynaya göndərlir.
Nizami Bağırov
Şərhlər