Ölkə 18:18 26.04.2022

Sumqayıtda “obyekt qalmaqalı” davam edir (VİDEO)

Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində "obyekt qalmaqalı” davam edir. 

Qaynarinfo xəbər verir ki, 122-ci binanın sakinləri ərazidə obyekt tikintisinə etirazlarını davam etdirirlər. 

Sakinlərdən Səmayə Baxşıyeva əməkdaşımıza bildirib ki, ərazi yaşlı insanların istirahət məkanı olub: "Ora skamya quraşdırılmışdı. Yaşlı adamlar oturub dincəlir, hava alırdı. İndi gəlib ağacları kəsib, obyekt tikmək istəyirlər”.  

Şəhid anası Fəridə Babayeva isə deyib ki, obyektin tikildiyi ərazidə piyada keçidi var. Tikinti baş tutarsa, piyada keçidinin qarşısı alınacaq: "Bundan əlavə, düz pəncərimizin qarşısıdır. Bu obyekt tikilsə, hava ala bilməyəcəyik. Etirazımız da bununla bağlıdır”.

Fəridə Babayevanın sözlərinə görə, tikintini özünü Qarabağ qazisi kimi təqdim bir şəxs aparır: "Biz bilmirik ki, o, kimdir. Deyir Qarabağ qazisiyəm. 78 yaşı var. Etiraz etdiyimizə görə, gəlinimə, yəni şəhid ailəsinə hücum çəkdilər. Dedilər ki, elə sizin acığınıza tikəcəyik”.

Qaynarinfo ötən yazıda Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxlamışdı. Qurumdan sakinlərin iddialarının əsassız olduğunu bildirmişdilər: "Vətəndaşlardan birinin köşkü olub və həmin köşk heç o əraziyə də düşmür. Araşdırmışıq, bütün sənədləri qaydasındadır, indi həmin vətəndaş orada yüngül konskturksiyalı köşk quraşdırmaq istəyir. Ərazidə ağacların kəsilməsindən söhbət gedə bilməz”.

Seyid