Dünya 21:35 11.05.2023

“Suriya piroqunu” bölə bilmədilər - Moskva görüşü iflasa uğradı (ŞƏRH)

Xəbər verdiyimiz kimi, mayın 10-da Moskvada Rusiya, Türkiyə, İran və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşdə Sergey Lavrov, Mövlud Çavuşoğlu, Feysəl əl-Mikdad və Hüseyn Əmir Abdullahian iştirak edib. Məlumata görə, dördtərəfli təmaslarda əsasən, Türkiyə-Suriya münasibətlərini normallaşdırılması, terrorla mübarizə, Suriyada siyasi nizamlanmanın təşviqi, suriyalı qaçqınların təhlükəsiz şəkildə öz vətənlərinə qayıtmaları kimi mməsələlər müzakirə olunub. 

Qeyd edək ki, bundan öncə, adı çəkilən ölkələrin müdafiə nazirləri və kəşfiyyat xidməti rəhbərləri səviyyəsində danışıqlar reallaşmışdı. Amma həmin danışıqlarda real nəticə hasil olunmadı. XİN liderlərinin görüşü barədə mətbuata açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada regional məsələləri müzakirə etdiklərini bildirməklə kifayətlənib. O, proseslə bağlı daha ətraflı məlumat verməkdən isə yayınıb. Bu fonda müzakirə etdikləri məsələlər ətrafında hansısa razılığa gəlib-gəlmədikləri barədə hər hansı bir məlumat yoxdur. 

İstənilən halda, tərəflər real anlaşma əldə edə bilsəydilər, onu cəmiyyətə açıqlayardılar. Belə vəziyyət isə onu deməyə əsas verir ki, əsas müzakirə mövzusu olan Suriya məsələsi ətrafında tərəflər arasında ziddiyyətlər, fikir ayrılıqları qalmaqda davam edir. Nəinki davam edir, Moskva görüşündə bu istiqamətdə hər hansı bir kiçicik razılıq belə əldə olunmayıb. Əslində, bu, əvvəldən də gözlənilmirdi. Çünki Suriya məsələsində Ankara ilə Dəməşq arasında mövcud ziddiyyətlər həll olunmaqdan xeyli uzaqdır. Belə ki, Əsəd rejimi hər vəclə çalışır ki, Türkiyə Suriyanın şimalında tutduğu mövqeləri boşaltsın və bəzi müxalif qüvvələrə dəstəyi dayandırsın. Türkiyə isə PKK terrorunun mövcud olduğu bir şəraitdə Suriyanın şimalında əldə etdiyi mövqelərə həmin terror dəstələrinə qarşı mübarizədə mühüm plastdarm kimi baxır. Belə bir fərqli mövqelərin sərgilənməsi şəraitində tərəflər çətin ki, razılığa gəlsinlər. Aydın məsələdir ki, Kreml Moskva görüşündə tərəflər arasında razılığın əldə olmasında maraqlı olan əsas tərəf idi. Belə ki, hazırda təcrid vəziyyətində olan Rusiya ən azından Suriya ətrafında cərəyan edən proseslərdə müəyyən irəliləyişlərə nail olmaqla özünün sarsılmış beynəlxalq imicinə müəyyən dərəcədə müsbət çalar gətirəcə biləcəyini düşünürdü. Bu səbəbdən də Moskva görüşündə real nəticənin hasil olunmaması ilk növbədə Rusiyanın özü üçün də məyusedicidir. 

Rüfət Sultan