İdman 15:38 27.06.2022

Tahir Süleymanov: “Ştuxlikin Azərbaycana gətirilməsi hakimlik adına yolverilməz idi”

Bir neçə gün öncə AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxliklə yolları ayırdı. Azərbaycana gəldiyi gündən tənqidlərlə üzləşən, demək olar hakimliyimizə faydası dəyməyən, ciddi irəliləyişə nail ola bilməyən Ştuxlikin göndərilməsi haqda fikirlər birmənalı deyil. Amma bunun gecikmiş addım olduğunu düşünənlərin sayı daha çoxdur. Elə ölkəmizin tanınmış sabiq hakimlərindən olan Tahir Süleymanov da bu cür düşünənlər arasındadır. 

Keçmiş FİFA referisi, Qaynarinfo-ya açıqlamasında düşüncələrini bu şəkildə bölüşüb:

"Futbol adına hər bir mühüm təyinat zamanında təhlil edilib, əsaslandırılaraq həyata keçirilməlidir. Hakimlik sahəsi futbolun aparıcı qollarından biridir və çox həssas yanaşma tələb edir. AFFA strateji olaraq illərdi, yumşaq desək, səhvlər edir. Bu, idarəçilikdə, milli, yığmalar səviyyəsində, uşaq futbolunda, ümumi futbola baxışda özünü mənfi tərəfdən göstərir. Futbol təsərrüfatının dirçəlməsi üçün kompleks addımların atılması, köklü islahatların aparılması zərurəti çoxdan yetişib”.

O, Ştuxlikin burda olduğu müddətdə hakimliklə bağlı 4 ilin itirildiyini bildirdi:

"Hakimliklə bağlı 4 il də itirildi. 2018-ci də Ştuxlikin təyinatına münasibətimi bildirmişəm. Komitədə təmsil olunmağım AFFA tərəfindən təklif olunsa da, israrla istənilsə də, yanlış yolda olduqlarını bildirərək qəti mövqeyimi bildirmişəm. Biz öncədən bilirdik, zaman futbol ictimaiyyətinə də göstərdi ki, avstriyalı mütəxəssisin Azərbaycana gətirilməsi nəinki hakimlik adına, mənəvi olaraq da yolverilməz idi. Futbolun əksər sektorlarında, hakimlik də daxil olmaqla, işlər yenidən qurulmalıdır. Mətbuatda bu haqda geniş açıqlamalarım olub, təkrarçılığa yol vermək istəmirəm. Ştuxlik kimilər öz yerində, onları ölkə futboluna gətirənlər müzakirə edilməlidir. Yoxsa yeni-yeni ştuxliklər, lippertlər yenidən AFFA-nı zəbt edəcəklər. Öncə, Azərbaycan futbolunu şəxsi məqsədlər üçün istifadə edən cavabdehlər göndərilməlidir”.
 
 
Səbuhi Həsənov