Xəbər lenti

Türkiyənin altında nəhəng torpaq sahəsi çökür və relyefini dəyişir (ARAŞDIRMA)
Dünya 17:00 21.01.2026

Türkiyənin altında nəhəng torpaq sahəsi çökür və relyefini dəyişir (ARAŞDIRMA)

Türkiyənin mərkəzində torpaq səthi tədricən çökür, lakin bunun səbəbi yerin dərin qatlarında baş verir. Alimlər Konya çökəkliyi altında yer qabığının aşağı hissələrinin mantiyaya doğru endiyi nadir geoloji prosesi – litosferin "damcılanması”nı təsdiqləyiblər. 

Qaynarinfo "Nature Communications” jurnalına istinadən xəbər verir ki, Mərkəzi Anadolu platosunun ümumi qalxmasına baxmayaraq, Konya çökəkliyi niyə dərinləşməyə davam edir.

"Daily Galaxy”nin yazdığına görə, uzun müddət geoloqları bir paradoks düşündürürdü: bütün plato yavaş-yavaş yüksəldiyi halda, onun mərkəzində yerləşən Konya çökəkliyi əksinə, getdikcə daha da dərinləşir. Səbəbi anlamaq üçün Toronto Universitetinin alimlərindən ibarət qrup regionun dərinliklərində baş verən prosesləri araşdırıb və gözlənilməz nəticə əldə edib.

Yer qabığı mantiyaya necə "axır”

Aşkar edilən mexanizm çoxmərhələli litosfer "damcılanması” adlanır. Bu proses litosferin aşağı hissələrinin həddindən artıq sıxlaşdığı zaman yaranır. Cazibə qüvvəsinin təsiri ilə bu sahələr yavaş-yavaş aşağı enir, zamanla qopur və mantiyaya batır.

Peyk məlumatlarının təhlili Konya çökəkliyi ərazisində aydın dairəvi çökmə zonasını göstərib. Bu çökmə böyük dərinliklərdə gedən proseslərlə əlaqəlidir. Sıx material aşağı endikcə, yuxarıdakı yer qabığında təzyiq yenidən paylanır və səth bükülərək çökəklik formalaşdırır. Ağır fraqment tam ayrıldıqdan sonra isə səth qismən "geri sıçraya” və yenidən qalxa bilər.

Tədqiqatın həmmüəllifi Rassel Pisklivekin sözlərinə görə, regionda bu cür hadisələr bir neçə dəfə baş verib və ilk "damcılanma” epizodu, ehtimal ki, Anadolunun digər hissələrində sonrakı prosesləri işə salıb.

Türkiyənin altında nə baş verir?

Batmaqda olan materialın mövcudluğunu təsdiqləmək üçün alimlər peyk müşahidələrini seysmik tomoqrafiya ilə birləşdiriblər. Peyklər relyefdə yavaş, lakin davamlı dəyişiklikləri qeydə alıb, seysmik dalğalar isə yerin altında müəyyən zonalarda ləngiyib. Bu isə anormal dərəcədə sıx maddənin mövcudluğuna işarədir.

Tədqiqatçılar Konya çökəkliyinin birbaşa altında yuxarı mantiyada sıx bir sahə, həmçinin qalınlaşmış yer qabığı aşkar ediblər ki, bu da litosfer "damcılanması” hipotezini təsdiqləyir.

Laboratoriya eksperimentləri

Bu prosesi əyani şəkildə göstərmək üçün komanda laboratoriyada silikon mayelər və bərk hissəciklərdən istifadə etməklə Yer kürəsinin fiziki modellərini yaradıb. Eksperimentlər sıx sahələrin necə sallandığını, qopduğunu və mantiyaya endiyini nümayiş etdirib. Bu proseslər mərkəzi Türkiyənin altında baş verənlərlə demək olar ki, eynidir.

Alimlər vurğulayırlar ki, bu cür proseslər bir-biri ilə sıx bağlıdır və litosfer "damcılanması”nın bir epizodu milyon illər ərzində planetin görünüşünü formalaşdıran dərin tektonik dəyişikliklər zəncirini başlada bilər.

Aydın

--> -->