Xəbər lenti

Üç son dünya çempionunu tapan riyaziyyatçı DÇ-2026-nın qalibini açıqladı
İdman 14:42 21.06.2026

Üç son dünya çempionunu tapan riyaziyyatçı DÇ-2026-nın qalibini açıqladı

Almaniyalı riyaziyyatçı Yoaxim Klement 2026-cı il futbol üzrə dünya çempionatının qalibinin Niderland olacağını proqnozlaşdırıb. Bununla belə, o özü bu proqnoza həddindən artıq ciddi yanaşmamağı tövsiyə edir.

Qaynarinfo xəbər verir ki, Klement son üç dünya çempionatının qaliblərini düzgün müəyyən etməsi ilə tanınıb. Onun modeli 2014-cü ildə Almaniyanın, 2018-ci ildə Fransanın, 2022-ci ildə isə Argentinanın çempion olacağını əvvəlcədən göstərmişdi. Bu barədə "Wion” nəşri yazır.

Müsahibələrinin birində Klement bildirib ki, modeli əvvəlcə dünya çempionatının qalibini proqnozlaşdırmağın demək olar ki, mümkünsüz olduğunu sübut etmək məqsədilə yaradıb. Lakin ilk proqnozun doğrulması onu da təəccübləndirib.

"Almaniyanın Braziliyada dünya çempionu olmasından sonra heyrətə gəldim. Xüsusilə də ona görə ki, bütün ekspertlər Cənubi Amerikada heç bir Avropa komandasının dünya çempionu olmadığını vurğulayırdılar”, deyə o qeyd edib.

Klementin modeli bir neçə amili nəzərə alır:

* adambaşına düşən ÜDM;
* əhalinin sayı;
* futbolun ölkədəki mədəni əhəmiyyəti;
* FIFA reytinqləri;
* və əhəmiyyətli dərəcədə şans faktoru.

Onun hesablamalarına əsasən, Niderland yarımfinalda İspaniyanı məğlub edəcək, finalda isə Portuqaliyaya qalib gələrək tarixində ilk dəfə dünya çempionu olacaq.

Modelə görə, Portuqaliya digər yarımfinalda İngiltərəni məğlub edərək finala yüksələcək.

Təsirli nəticələrinə baxmayaraq, Klement proqnozlarının mərc oyunları üçün istifadə olunmaması barədə xəbərdarlıq edir.

"Bu, tamamilə qeyri-rasionaldır”, deyə o bildirib.

Riyaziyyatçı əlavə edib ki, bu, lotereya oynamağa bənzəyir:

"Daim deyirəm ki, əgər kimsə növbəti dünya çempionu ilə bağlı proqnozuma əsaslanaraq pul qoyursa, həmin insana artıq kömək etmək çətindir. Bu, sikkə atmağa bənzəyir. Dörd dəfə ardıcıl olaraq gerbin düşəcəyini proqnozlaşdıra bilərsiniz və bu, həqiqətən də baş verə bilər. Lakin bu, növbəti dəfə də eyni nəticənin olacağına zəmanət vermir”.

Niderland millisi dünya çempionatının finalına üç dəfə yüksəlsə də, indiyədək turnirin qalibi ola bilməyib.

Ronald Kumanın rəhbərlik etdiyi Niderland yığması DÇ-2026 kampaniyasına iyunun 14-də Yaponiya ilə oyunla başlayıb. Komanda daha sonra F qrupunda İsveç və Tunis milliləri ilə qarşılaşacaq.

Aydın
--> -->