Ölkə 18:24 27.10.2023

Xırdalanda 2 milyonluq abadlıq - 3 ayda 8 milyonluq tender qazanan şirkət kimindir?

Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri üzrə Nümayəndəliyi Xırdalan şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Xezer-Construction” MMC seçilib. Abadlıq işləri quruma 1 927 615,41 AZN-ə başa gələcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Xezer-Construction” MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. MMC-nin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur. 

Açıq mənbələrdə "Xezer-Construction” MMC haqqında heç bir məlumat yoxdur. 

Rəmzi Binnətov isə Vətən müharibəsi iştirakçısıdır. 2021-ci ildə Yevlax Gənclər Evinin "Facebook” səhifəsində paylaşılan məlumatda bildirilir ki, "Post-travmatik stress pozuntusu" mövzusunda sosial-psixoloq Yusifli Əhməd Murad oğlunun təqdimatında Rəmzi Binnətova "Zoom” proqramı vasitəsi ilə psixoloji yardım göstərilib.

"Xezer-Construction” MMC dövlət satınalmalarında fəallıq göstərir. Şirkət təkcə 2023-cü ildə 8 311 665, 8 AZN dəyərində 6 tenderin qalibi seçilib. 

"Xezer-Construction” MMC bu ilin sentyabrında Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan Şəhəri üzrə Nümayəndəliyinin Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması ilə bağlı 1 261.045,32 manatlıq tenderinin qalibi seçilib. 

Seyid