Məşhur simalardan tutmuş adi insanlara qədər yay mövsümünün gəlişi ilə toy mövsümü də sürətlənib. Son günlər dünyaca məşhur bir çox cütlük münasibətlərini rəsmiləşdirərək ailə həyatı qurur. Bu ilin ən çox müzakirə olunan məşhur toyları arasında əvvəlcə Dua Lipa ilə Kallum Törnerin, daha sonra isə Teylor Svift ilə Trevis Kelsinin mərasimləri yer alıb. İndi isə diqqət yaşca daha böyük olan bir cütlüyün toyuna yönəlib. Bu evlilik həyatının sonrakı mərhələsində sevgi tapanlar üçün ilham mənbəyi kimi təqdim olunur.
Qaynarinfo xəbər verir ki, bir dövrün məşhur supermodeli, 61 yaşlı Paulina Porizkova televiziya ssenaristi, rejissor və prodüser, 63 yaşlı Ceff Qrinsteyn ilə İtaliyada evlənib.
Qeyd edək ki, Çexiyada anadan olan Paulina Porizkova əvvəlki həyat yoldaşı, mərhum musiqiçi Rik Ocasekdən Conatan Reyven və Oliver Orion adlı iki oğul anasıdır.
Model son illərdə "Instagram” paylaşımlarında yaşlanmanın təbii proses olduğunu vurğulayır, qadınları öz görünüşlərini qəbul etməyə və həyata nikbin baxmağa çağırır.
Cütlük 2023-cü ildə tanışlıq tətbiqi vasitəsilə tanış olub. Tanışlıq qısa müddətdə sevgi münasibətinə çevrilib və onlar ötən il nişanlandıqlarını açıqlayıblar. Bir neçə həftə əvvəl toy hazırlıqları üçün İtaliyaya yollanan cütlük ötən həftəsonu nikah masasına əyləşib.
Paulina Porizkova toy mərasimində "House of Gilles” moda evinin hazırladığı buz mavisi-boz çalarlı libas seçib. O, "Vogue” jurnalına müsahibəsində toyunda ağ gəlinlik geyinmək istəmədiyini bildirib.
Model bunu yaşına və ya ikinci evliliyinə görə deyil, modellik karyerası ərzində saysız-hesabsız ağ gəlinliklə fotosessiyalara çəkildiyi üçün fərqli rəng seçmək istəməsi ilə izah edib.
Onun toy libasının əsas ilham mənbəyi Qreys Kelli (Grace Kelly) tərəfindən "To Catch a Thief” filmində geyinilən məşhur mavi paltar olub. Paulina Porizkova dizaynerinə həmin libasın fotosunu təqdim edib və nəticədə arzuladığı gəlinliyə qovuşub. O, obrazını sadə aksesuarlarla tamamlayıb.
Toy mərasimi İtaliyanın Orta San Culio bölgəsində yerləşən "Villa Crespi” malikanəsində keçirilib. Cütlük nikahdan əvvəl "Elle” jurnalının Çexiya nəşrinə verdiyi müsahibədə evlilik xəbərlərini açıqlamış və nikah üzüklərini nümayiş etdirmişdi.
Aydın
Şərhlər