Xəbər lenti

ABŞ Kanadadan idxal olunan bəzi mallara 50 faiz gömrük rüsumu tətbiq edəcək
Dünya 16:46 21.07.2026

ABŞ Kanadadan idxal olunan bəzi mallara 50 faiz gömrük rüsumu tətbiq edəcək

ABŞ administrasiyası Kanadanın Amerika məhsullarına qarşı "ayrı-seçkilik xarakterli" ticarət siyasəti həyata keçirdiyini əsas gətirərək, bu ölkədən idxal olunan bəzi mallara 50 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, ABŞ prezidenti Donald Tramp bununla bağlı 1930-cu il Tarif Qanununun 338-ci bölməsi əsasında üç fərqli prezident fərmanı imzalayıb. Fərmanlara əsasən, Kanada mənşəli müəyyən məhsullara 50 faiz həcmində əlavə gömrük rüsumu tətbiq olunacaq.

Bildirilib ki, qərarın məqsədi Kanadanın ABŞ məhsullarına qarşı tətbiq etdiyi "ayrı-seçkilik xarakterli" tədbirlərin yaratdığı mənfi təsirləri aradan qaldırmaq və avtomobil, alkoqollu içkilər, süd məhsulları kimi əsas Amerika ixrac məhsulları üçün bərabər rəqabət şəraiti yaratmaqdır.

Məlumata əsasən, yeni rüsum müxtəlif məhsul qruplarını əhatə edəcək. Bunların arasında şərab, hokkey çubuqları, sement və digər mallar da var.

Qeyd olunub ki, əlavə tarif məhsulun ABŞ-Meksika-Kanada Sazişi (USMCA) çərçivəsində olub-olmamasından asılı olmayaraq, bütün müvafiq mallara şamil ediləcək.

Bununla yanaşı, enerji məhsulları, kalium gübrəsi (potaş), Tarif Qanununun 232-ci bölməsi üzrə artıq rüsum tətbiq edilən məhsullar, eləcə də balıq və kritik minerallar yeni tarifdən azad olunacaq.

Ağ Evin açıqlamasına görə, yeni gömrük rüsumu prezident fərmanlarının imzalanmasından 30 gün sonra – 19 avqustdan qüvvəyə minəcək.

Qərarın əsaslandırılmasında qeyd olunub ki, Kanada ABŞ-dan idxal edilən avtomobillərə tarif və kvotalar tətbiq etdiyi halda, digər ölkələrdən gətirilən avtomobillərə eyni məhdudiyyətləri tətbiq etmir.

Məlumata görə, 2025-ci ilin aprelindən 2026-cı ilin martınadək Kanada ABŞ-dan idxal etdiyi motorlu nəqliyyat vasitələrinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 22 faiz azalıb.

Bundan əlavə, Kanadanın əksər əyalət və ərazilərində ABŞ istehsalı olan alkoqollu içkilərin alınması, paylanması və pərakəndə satışı dayandırılıb. Nəticədə 2025-ci ilin martından 2026-cı ilin fevralınadək ABŞ-dan Kanadaya alkoqollu içkilərin ixracı illik müqayisədə təxminən 81 faiz azalıb.

Ağ Ev həmçinin Kanadanın "mürəkkəb və proteksionist" kimi xarakterizə olunan süd məhsulları sisteminin də yeni tarif qərarının əsas səbəblərindən biri olduğunu vurğulayıb.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->