Xəbər lenti

Alimlər onilliklərdir xoşbəxtliyin sirrini axtarır: Psixoloq 5 vərdişi açıqladı
Dünya 08:15 25.06.2026

Alimlər onilliklərdir xoşbəxtliyin sirrini axtarır: Psixoloq 5 vərdişi açıqladı

Müasir psixologiya sahəsində aparılan tədqiqatlar xoşbəxtlik anlayışına dair klassik yanaşmanı — onun yalnız xarici şəraitdən asılı olan dəyişkən emosional vəziyyət olması fikrini — şübhə altına alır. Son onilliyin elmi nəticələri göstərir ki, uzunmüddətli rifah sistemli həyat quruluşu, gündəlik şüurlu seçimlər və düzgün sosial mühitin formalaşdırılması ilə bağlıdır.

Qaynarinfo xəbər verir ki, "Forbes” nəşrinin uzunmüddətli araşdırmalara və meta-analizlərə istinadla verdiyi məlumata görə, psixoloqlar sabit həyat məmnunluğu hissinin əsasını qoya bilən beş vərdişi önə çıxarırlar.

Yaxın münasibətlər xəstəliklərdən dərmanlardan daha yaxşı qoruyur

Xoşbəxtliyin ən vacib faktoru kimi yaxın münasibətlərin keyfiyyəti göstərilir. 80 ildən çox davam edən Harvard Yetkinlik İnkişafı Araşdırması sübut edir ki, güclü sosial əlaqələr fiziki sağlamlıq, koqnitiv dayanıqlıq və uzunömürlülük üçün ən güclü göstəricidir və hətta var-dövlət və karyera uğurlarını da üstələyir.

Sosial aktivlik artıq yuxu və idman kimi sağlam həyat tərzinin əsas komponenti sayılır, xroniki tənhalıq isə orqanizmdə sistemli iltihabi prosesləri aktivləşdirir və gündə 15 siqaret çəkməyə bərabər risk yaradır.

Niyə pula qənaət edib boş vaxt almaqdan imtina etməmək lazımdır?

İkinci mühüm amil şəxsi vaxtın qorunması ilə bağlıdır. "Harvard Business School” tədqiqatları göstərir ki, xroniki vaxt çatışmazlığı və daimi tələskənlik psixi sağlamlığa maliyyə çətinliklərindən daha güclü zərbə vurur.

Psixoloqlar mümkün olduqda məişət işlərinin bir hissəsinin başqasına həvalə edilməsini tövsiyə edirlər. Çünki boş vaxt almağa edilən investisiya maddi əşyalardan daha yüksək həyat məmnunluğu yaradır. Karyerada hər addım təkcə gəlir baxımından deyil, şəxsi azadlıq baxımından da dəyərləndirilməlidir.

Paradoksal təcrübə həyatı necə daha dərin edir

Rahatlıqla yanaşı, insana inkişaf və yeni təcrübə də lazımdır. Müasir yanaşmalara görə "psixoloji zənginlik” xoşbəxtlik və məna ilə yanaşı yaxşı həyatın üçüncü ölçüsüdür. Komfort zonasından çıxmaq, səyahətlər, çətin öyrənmə prosesləri və yaradıcılıq insanı daha dərin və mürəkkəb şəxsiyyətə çevirir.

Sorğular göstərir ki, bir çox insan uzunmüddətli perspektivdə məhz hadisələrlə zəngin həyatı üstün tutur, hətta bu yol çətinliklərlə müşayiət olunsa belə.

Başqaları üçün xərcləmək xoşbəxtliyi artırır

Dördüncü vərdiş prososial davranışın effektivliyi ilə bağlıdır. Pul və ya vaxtın başqalarına — xeyriyyə, dostlara yardım və ya könüllülük fəaliyyətinə — sərf olunması universal şəkildə subyektiv rifahı artırır.

Passiv maddi istehlakdan fərqli olaraq, başqalarına dəstək beynin mükafat sistemini aktivləşdirir və insanın özünü daha dəyərli hiss etməsinə səbəb olur.

Həftədə 120 dəqiqəlik "qızıl qayda”

Beşinci amil təbiətlə müntəzəm təmasdır. Təxminən 20 min nəfərin iştirak etdiyi araşdırma göstərib ki, həftədə ən az 120 dəqiqə təbiətdə vaxt keçirən insanlar həm psixoloji, həm də fiziki baxımdan daha yaxşı göstəricilərə malik olur.

Bu vaxt qısa gəzintilərə bölünə bilər. Təbiət stresi azaldır, narahatlığı zəiflədir və diqqəti bərpa edir. Bu səbəbdən urbanizasiya dövründə sinir sisteminin qorunması üçün vacib hesab olunur.

Nəticə olaraq, müasir xoşbəxtlik modeli daxili "psixoloji texnikalar”dan çox, balanslı həyat mühitinin qurulmasına əsaslanır.

Digər xoşbəxtlik araşdırmaları

BMT-nin "Dünya xoşbəxtlik hesabatı”na görə, Finlandiya son illərdə dünyanın ən xoşbəxt ölkəsi statusunu qoruyur. Psixoloq Frank Martela finlərin gündəlik ünsiyyət mədəniyyətini analiz edərək rifahın mədəni əsaslarını araşdırıb.

Əvvəllər yayılan məlumatlara görə, həqiqi xoşbəxtlik və daxili harmoniya çox vaxt çətin emosional mərhələlərdən keçir. Mütəxəssislər bunu insanın transformasiya dövrü kimi izah edirlər.

Aydın

--> -->