Xəbər lenti

Alimlər peşəkar futbolçularda beyin həcminin azalmasını aşkarlayıb
Sağlamlıq 23:35 14.07.2026

Alimlər peşəkar futbolçularda beyin həcminin azalmasını aşkarlayıb

Peşəkar futbolda uzun illər çıxış etmək demensiyanın ilk əlamətləri yaranmazdan əvvəl belə beyin həcminin azalması ilə əlaqəli ola bilər. Bu nəticəyə London İmperial Kollecinin tədqiqatçıları gəliblər. 

Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri Londonda keçirilən Altsheymer Assosiasiyasının Beynəlxalq Konfransında (AAIC) təqdim olunub.

Alimlər yaşı 30–60 arasında olan 142 keçmiş peşəkar futbolçunun beyin vəziyyətini təmaslı idman növləri ilə məşğul olmayan və baş nahiyəsinə müntəzəm zərbələr almayan 56 nəfərlik nəzarət qrupu ilə müqayisə ediblər. Bütün iştirakçılar maqnit-rezonans tomoqrafiyasından (MRT), koqnitiv testlərdən və psixoloji müayinədən keçiblər.

Nəticələr göstərib ki, keçmiş futbolçularda yaddaş, diqqət, qərarvermə və emosiyaların tənzimlənməsinə cavabdeh olan bir neçə beyin nahiyəsində boz maddənin həcmi azalıb. Bununla belə, koqnitiv testlər hələlik düşünmə qabiliyyətində nəzərəçarpacaq zəifləmə aşkar etməyib. Lakin futbolçular narahatlıq və depressiya əlamətlərindən daha çox şikayət ediblər.

Araşdırmaya əsasən, keçmiş futbolçuların 31 faizində klinik cəhətdən ifadə olunmuş depressiya əlamətləri müəyyən edilib. Nəzarət qrupunda bu göstərici 9 faiz təşkil edib. Narahatlıq əlamətləri isə futbolçuların 42 faizində, təmaslı idman növləri ilə məşğul olmayan iştirakçıların isə 25 faizində müşahidə olunub.

Tədqiqatçılar bu dəyişiklikləri ilk növbədə oyun zamanı uzun illər ərzində təkrarlanan baş zərbələri ilə əlaqələndirirlər. Onların fikrincə, ayrı-ayrı zərbələr beyin silkələnməsi yaratmasa da, uzunmüddətli yığım effekti sinir toxumasına tədricən zərər verə bilər. Bu cür təkrarlanan travmalar boksçular və Amerika futbolu oyunçularında da rast gəlinən xroniki travmatik ensefalopatiyanın mümkün səbəblərindən biri hesab olunur.

Alimlər hələlik beyin həcminin azalmasının mütləq şəkildə "Altsheymer" xəstəliyinə və ya digər demensiya növlərinə səbəb olacağını iddia etmirlər. Bu suala cavab tapmaq üçün onlar tədqiqat iştirakçılarını növbəti bir neçə il ərzində müşahidə etməyə davam edəcəklər.

Müəlliflər ümid edirlər ki, əldə olunan nəticələr başla oyunun uzunmüddətli təsirlərini daha yaxşı anlamağa və gələcək nəsil peşəkar futbolçular üçün bu idman növünün daha təhlükəsiz olmasına xidmət edəcək.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->