Bir zamanlar fitnes modeli və aktrisa kimi tanınan Loni Uillison hazırda Los-Anceles küçələrində evsiz həyat sürür.
Qaynarinfo xəbər verir ki, vaxtilə milyonlarla dollar sərvət qazanan 43 yaşlı keçmiş model illərdir küçələrdə yaşayır, gündəlik ehtiyaclarını isə zibil qutularından topladığı əşyalarla qarşılayır.
Loni Uillison karyerasının yüksəliş dövründə model kimi çalışıb, müxtəlif televiziya layihələrində rol alıb və təxminən 1,6 milyon dollar sərvət əldə edib. O, daha çox "Baywatch" serialının ulduzu Ceremi Cekson ilə evliliyi ilə gündəmə gəlib.
Loni Uillison daha əvvəl verdiyi açıqlamalarda keçmiş həyat yoldaşından fiziki zorakılıq gördüyünü iddia edib. Onun sözlərinə görə, bu münasibət həyatında dönüş nöqtəsi olub, sonradan psixoloji problemlər və zərərli vərdişlər səbəbindən həm karyerasını, həm də maddi imkanlarını itirib.
Xarici mətbuatın yaydığı son görüntülərdə Loni Uillison yenidən Los-Anceles küçələrində görüntülənib. Onun zibil qutularını qarışdırdığı, tapdığı geyim və əşyaları alış-veriş arabasında daşıdığı diqqət çəkib. Jurnalistlərin suallarını isə cavabsız qoyub.
Keçmiş həyat yoldaşı Ceremi Cekson ötən il verdiyi müsahibədə Loni Uillisonun hazırkı vəziyyətindən danışaraq, onu xilas etməyə çalışdığını, lakin buna nail ola bilmədiyini bildirib.
Bir vaxtlar parlaq gələcəyin və uğurlu karyeranın simvolu hesab edilən Loni Uillisonun həyatı bu gün Hollivudun ən faciəli talelərindən biri kimi qiymətləndirilir.
Aydın
Şərhlər