Amerikalı müğənni Ariana Qrande karyerasında müvəqqəti fasilə vermək qərarının səbəblərini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
ABŞ-ın Çikaqo şəhərində pərəstişkarları qarşısında çıxış edən 33 yaşlı sənətçi son qərarının xarici görünüşü ilə bağlı son tənqidlərdən qaynaqlanmadığını bildirib.
"Dünənki açıqlamam hansısa hadisəyə reaksiya və ya ani emosional qərar deyildi. Bu, uzun müddətdir üzərində düşündüyüm bir plan idi. Bu qərarı tam düşünülmüş şəkildə və özümə inamla qəbul etmişəm", deyə Ariana Qrande bildirib.
Müğənninin sözlərinə görə, onun hazırda şəxsi sərhədlər müəyyənləşdirməyə və dincəlməyə ehtiyacı var. O qeyd edib ki, davam edən konsert turu onda mənfi hisslər yaratmır.
"Birlikdə bölüşdüyümüz sevgi və sevdiyim, hörmət etdiyim insanlarla sənət yaratmaq hissindən daha həqiqi və daha güclü heç nə yoxdur. Heç nə bunu dəyişə bilməz", deyə sənətçi vurğulayıb.
Ariana Qrande bir gün əvvəl ictimai həyatdan müvəqqəti uzaqlaşacağını elan etmişdi. Onun nümayəndəsinin sözlərinə görə, müğənni teatr tamaşalarından birində rol almaqdan imtina edib və qastrol turu başa çatdıqdan sonra bir müddət diqqət mərkəzindən kənarda qalacaq.
Aydın
Şərhlər